Вернуться назад Распечатать

Kaluqin Ermənistanı hədələdi

Rusiyanın Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin Ermənistan-Rusiya münasibətləri, Cənubi Qafqaz siyasəti, Avropa İttifaqının bölgədəki fəaliyyəti, “Tramp yolu” layihəsi və Moskvanın regiondakı strateji planları ilə bağlı sərt mesajlar verib.

1xeber.media xəbər verir ki, bu barədə o, TASS-a geniş müsahibəsində danışıb.

Kaluqin açıq şəkildə bildirib ki, Moskva Ermənistan rəhbərliyinə uzun müddətdir xəbərdarlıq edir və İrəvanın Avropa İttifaqına yaxınlaşması gələcəkdə Rusiya-Ermənistan münasibətlərində sistemli dəyişikliklərə səbəb ola bilər. Onun sözlərinə görə, Brüssel Ermənistana təhlükəsizlik, iqtisadi sabitlik və rifah baxımından real alternativ təqdim etmir, əsas məqsəd isə Rusiyaya qarşı geosiyasi mübarizə aparmaqdır. Rusiyalı diplomat xüsusilə Ermənistanın parlament seçkiləri öncəsi Avropa İttifaqının ölkədə fəallaşdığını vurğulayıb və bildirib ki, Moldovadakı seçkilərdə istifadə olunan sxemlərə bənzər iki Avropa missiyası artıq Ermənistanda fəaliyyət göstərir. Kaluqinin fikrincə, bu missiyaların əsas məqsədi Ermənistanın ictimai-siyasi həyatına və iqtisadiyyatına Avropa nəzarətini gücləndirməkdir.

Moskva nümayəndəsi Ermənistan-Avropa İttifaqı sammitini və Avropa Siyasi Birliyinin İrəvandakı toplantısını da sərt tənqid edib. O bildirib ki, Avropa İttifaqının Ermənistana vəd etdiyi 2,5 milyard avroluq investisiya əslində illərdir verilən və reallaşmayan vəddir. Kaluqin xüsusilə Metsamor AES məsələsinə diqqət çəkərək bildirib ki, Avropa tərəfi Ermənistanın əsas enerji dayaqlarından biri olan atom elektrik stansiyasının bağlanmasını təşviq edir. Onun sözlərinə görə, Moskva Brüsselin təşviqi ilə Vladimir Zelenskinin İrəvana səfərini və orada səsləndirdiyi anti-Rusiya bəyanatlarını da diqqətlə izləyib. Diplomat bildirib ki, Ermənistan tərəfi həmin çıxışlara bilərəkdən reaksiya verməyib.

Kaluqin müsahibədə Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında qalaraq, həm də Avropa istiqamətində hərəkət etməsinin mümkün olmayacağını xüsusi vurğulayıb. O, Aleksey Overçukun əvvəllər səsləndirdiyi “iki stulda oturmaq alınmayacaq” fikrini təkrar edib bildirib: “Sadə dillə desək, iki stulda oturmaq mümkün olmayacaq”.

Müsahibənin ən diqqət çəkən hissələrindən biri “Tramp yolu” layihəsi ilə bağlı olub. Kaluqinin iddiasına görə, ABŞ və Ermənistanın təşviq etdiyi bu layihə əslində əvvəllər Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatında hazırlanmış Meğri marşrutunun davamıdır. Onun sözlərinə görə, 2023-cü ildə tərəflər artıq Azərbaycan və Ermənistan dəmir yollarının birləşdirilməsi mərhələsinə yaxınlaşmışdılar, lakin İrəvan sonradan prosesi dondurub. Kaluqin qeyd edib ki, “Tramp yolu” layihəsi əvvəlki Meğri variantından fərqli olaraq Azərbaycan və Ermənistan dəmir yollarının tam inteqrasiyasını nəzərdə tutmur. O həmçinin İranın ABŞ nəzarətində olan marşruta mənfi yanaşdığını, Çin və Rusiyanın yükləri olmadan layihənin iqtisadi baxımdan özünü doğrultmasının çətin olacağını vurğulayıb. Diplomat əlavə edib ki, Ermənistan-İran sərhədində rus sərhədçilərinin mövcudluğu, rus standartlı dəmir yolu xəttinin zəruriliyi və Ermənistan dəmir yollarının 2038-ci ilə qədər Rusiya şirkətinin idarəsində qalması kimi amillər də nəzərə alınmalıdır.