Вернуться назад Распечатать

Qurban bayramında bu ailələrə maddi yardım veriləcək?

Qurban bayramı ərəfəsində sosial yardıma ehtiyacı olan ailələrin sayının artması fonunda ənənəvi ərzaq və qurban payları ilə yanaşı, birbaşa maddi yardım mexanizmlərinin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, mövcud sosial dəstək paketləri artıq artan ehtiyacları tam qarşılamaqda çətinlik çəkir.

Bəs bayram öncəsi aztəminatlı ailələrə birbaşa maliyyə yardımlarının verilməsi mümkün ola bilərmi?

1xeber.media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, sosial dəstəyə ehtiyacı olan ailələrin sayı artdığı kimi, onların gündəlik ehtiyacları da durmadan çoxalır: 

“Hazırda nəzərdə tutulan sosial yardımlar artıq kifayət etmir. Çünki sosial yardım məbləğləri əvvəlki səviyyədə qalıb. Halbuki ölkədə bahalaşma sürətlə davam edir və bu yardımlar ailələrin ehtiyaclarını tam qarşılaya bilmir. İlk növbədə sosial yardımların həcmi artırılmalıdır.

Həmin ailələrə sosial dəstəklə yanaşı, birbaşa maddi yardım mexanizmləri də nəzərdə tutulmalıdır. Bu yardımlar bərabər şəkildə tətbiq edilə bilər. Daimi olmasa belə, müəyyən dövrlərdə insanların sosial vəziyyətinə müsbət təsir göstərəcək”.

C.Abbaslı vurğulayıb ki, xüsusilə Qurban bayramı kimi xüsusi günlərdə əlavə dəstək proqramlarının həyata keçirilməsi ciddi maliyyə yükü yaratmaz:

“Qurban bayramı hər gün olmur, ildə bir dəfə qeyd olunur. İldə bir dəfə sosial yardımın artırılması və birbaşa yardım mexanizmlərinin tətbiqi dövlət üçün ciddi maddi çətinlik yaratmaz. Hesab edirəm ki, bu məsələnin üzərinə daha ciddi şəkildə gedilməlidir”.