Bu gün Qlobal Cənub Şəbəkəsi vətəndaş cəmiyyətinin mühüm və qalıcı miraslarından biri kimi qəbul edilir. Şəbəkəmiz artıq beynəlxalq təşkilatlar və nüfuzlu mərkəzlər tərəfindən tanınır. Biz London, Bonn, Nayrobi, Əddis-Əbəbə və nəhayət Bakı kimi şəhərlərdə keçirilən bir çox qlobal və regional tədbirlərdə iştirak etdik, təcrübəmizi bölüşdük.
1xeber.media xəbər verir ki, bu sözləri Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası çıxışı zamanı deyib.
“Qürurla qeyd edə bilərəm ki, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi tərəfindən şəbəkəmiz nümunəvi effektiv həllər platforması kimi tanınıb. Bu, artan beynəlxalq diqqətin və etimadın bariz göstəricisidir. Eyni zamanda, bu uğur Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci bəndini – qlobal tərəfdaşlıq fəlsəfəsini birbaşa əks etdirir”, - deyə o bildirib.
Ramil İskəndərlinin sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yerli QHT-ləri beynəlxalq əməkdaşlığa həvəsləndirmək sahəsindəki təcrübəsi gələcək fəaliyyəti üçün möhkəm təməldir. Qlobal Cənub əməkdaşlığına ayrılan maliyyə dəstəyi gələcək üçün mühüm bir siqnaldır.