Вернуться назад Распечатать

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi

Bir il əvvəl ictimaiyyətə daha çox qalmaqallı ailə mübahisəsi kimi təqdim olunan iş adamı Fuad Allahverdiyevin işi bir neçə gün əvvəlki məhkəmə hökmü ilə fərqli hüquqi məzmun alıb. 

1xeber.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevin keçmiş həyat yoldaşı Allahverdiyeva Gülşən Əsgər qızı hədə-qorxu ilə tələb etmə və qanunsuz materialların yayılması ilə bağlı cinayət əməllərində təqsirli bilinib.

Hadisələrin ilkin mərhələsində əsas diqqət Fuad Allahverdiyevə qarşı irəli sürülən ittihamlara yönəlmişdi. 2025-ci ildə yayılan məlumatlarda onun keçmiş həyat yoldaşı ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarıldığı, barəsində müxtəlif ittihamların irəli sürüldüyü bildirildi. 

Həmin dövrdə iş adamının adı ictimai müzakirələrdə daha çox neqativ kontekstdə hallandırılır, məsələ sadəcə isə keçmiş ər-arvad arasında yaranmış şəxsi münaqişə kimi təqdim olunurdu.

Lakin sonrakı məhkəmə qərarları bu mənzərəni dəyişib. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, Xəzər Rayon Məhkəməsi 2025-ci ildə Fuad Allahverdiyevə qarşı irəli sürülmüş ittihamlardan biri üzrə bəraət hökmü çıxarıb, həbsdə saxlanıldığı müddəti nəzərə alaraq onun nəzarət şərti ilə məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Sonradan isə o, amnistiya aktına əsasən cəzadan azad edilib, hazırda məhkumluğu yoxdur.

28 aprel 2026-cı il tarixli hökm isə işin başqa tərəfini ön plana çıxarıb. İstintaq materiallarına əsasən, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə aid şəxsi xarakterli foto və video materialları qanunsuz şəkildə əldə edib, həmin materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu yolu ilə külli miqdarda əmlak tələb edib.

İş materiallarında diqqətçəkən epizodlardan biri tərəflər arasında 2014-cü ildə rəsmiləşdirildiyi bildirilən nikahla bağlıdır. Materiallarda həmin nikahın rəsmiləşdirilməsi ilə bağlı mübahisəli məqamların olduğu, bu epizod üzrə Allahverdiyeva Gülşən Əsgər qızının yaxın qohumu olan və həmin dövrdə Abşeron Rayon Qeydiyyat Şöbəsində çalışdığı bildirilən Tahirə Əsgərovanın adının keçdiyi qeyd olunur.

Məhkəmə sənədlərində əksini tapan digər mühüm istiqamət pul və əmlak məsələsi ilə bağlıdır. Təqdim olunan məlumatlarda qeyd edilir ki, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə məxsus pul vəsaitlərini ələ keçirməkdə də ittiham olunub. Həmin məlumatlara görə, bu vəsaitlərin bir hissəsinin sonradan onun qardaşı Elşən Əsgərov Əsgər oğlunun adına şəhərin mərkəzində bahalı mənzilin alınmasına yönəldildiyi bildirilir. Bu epizod işin yalnız şəxsi münasibətlər müstəvisində deyil, həm də əmlak maraqları və maddi nəticələr kontekstində araşdırıldığını göstərən əsas detallardan biri kimi təqdim olunur.

Başqa bir mühüm detal isə cinayətdə istifadə olunduğu göstərilən mobil nömrə ilə bağlıdır. Bildirilir ki, intim xarakterli materialların paylaşıldığı “WhatsApp” qrupunun yaradılması və həmin materialların yayılması Allahverdiyeva Gülşən Əsgər qızının atası Əsgərov Əsgər Mikayıl oğlunun adına olan mobil nömrə üzərindən həyata keçirilib. Təqsirləndirilən şəxs məhkəmədə həmin nömrənin atasına məxsus olduğunu, qrupun onun tərəfindən yaradıldığını və videoların da atası tərəfindən paylaşıldığını bildirib. Lakin məhkəmə bu müdafiə mövqeyini qəbul etməyib. Hökm məhz Allahverdiyeva Gülşən Əsgər qızı barəsində çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə 10 il, 242-ci maddəsi üzrə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzalar qismən toplandıqdan sonra Allahverdiyeva Gülşən Əsgər qızına qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun övadı 14 yaşına çatana kimi (2029-cu il) cəzanın çəkilməsi təxirə salınıb. 

Beləliklə, əvvəlcə ictimaiyyətə Fuad Allahverdiyevin əleyhinə təqdim olunan qalmaqal sonrakı məhkəmə qərarları fonunda fərqli hüquqi mənzərə yaradıb. 2025-ci ildə onun adı ağır ittihamlarla gündəmə gətirilmişdi. 2026-cı ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü artıq keçmiş həyat yoldaşının şəxsi həyat materiallarından istifadə etməklə hədə-qorxu mexanizmi qurması məsələsinə hüquqi qiymət verib.

Bu hökm yalnız ailə münaqişəsi kimi təqdim olunan hadisənin yekunu deyil. İş materiallarında şəxsi həyatın toxunulmazlığı, hədə-qorxu, əmlak tələbi, reputasiya zərbəsi və üçüncü şəxslərin adına rəsmiləşdirildiyi bildirilən əmlak epizodları kimi bir neçə istiqamət önə çıxır. Məhkəmə qərarı göstərir ki, şəxsi münasibətlər zəminində başlayan mübahisə hədə-qorxu və maddi tələb mexanizminə çevrildikdə məsələ artıq ailə müstəvisindən çıxaraq cinayət-hüquqi məsuliyyət doğuran hadisə kimi qiymətləndirilir.