Вернуться назад Распечатать

Qarabağa investisiya axını artır

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində dayanıqlı məskunlaşmanın təmin olunması, ərazilərin yerli və xarici dəyər zəncirinə inteqrasiyası, investisiyaların cəlb edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatı və turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bu məqsədlə sənaye parklarının fəaliyyəti genişləndirilir, vergi və gömrük güzəştləri tətbiq olunur, həmçinin sahibkarların maliyyə imkanlarının artırılması üçün müxtəlif dəstək mexanizmləri həyata keçirilir.

1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsaitin ayrıldığını bildirib. Ə.Məmmədov onu da deyib ki, Qarabağ bölgəsində xarici investisiyaların həcmi də genişlənir. Xarici şirkətlərdən daxil olmuş müraciətlər 39 ölkəni əhatə edir. Müraciətlər arasında Türkiyə, İran, Macarıstan, Qazaxıstan və Rusiyadan olan investorların payı daha yüksəkdir. Bu göstərici bölgəyə beynəlxalq marağın artdığını və Qarabağda yaradılan biznes mühitinin investorlar üçün cəlbedici olduğunu nümayiş etdirir. Hazırda xarici investorların iştirakı ilə bir sıra iri layihələr icra olunur. Həyata keçirilən təşəbbüslər çərçivəsində Türkiyənin “Dəmirörən” və “Dost Aqropark”, Özbəkistanın “Agro Sonuat İnnovator” şirkəti tərəfindən nar bağlarının salınması, Litvanın AVİZ-də “Dominari” mebel klasteri, İsveçrənin AVİZ-də “Holcim” sement anbarı, Rusiyanın AVİZ-də “Kamaz” xidmət mərkəzi, Pakistanın “Azerbaijan Rice Processing Mill” MMC, eləcə də Belarusiyanın “Agrokombinat Dzerjinski” ASC tərəfindən quşçuluq təsərrüfatının yaradılması kimi layihələr həyata keçirilir. Bu layihələr regionda istehsal və xidmət infrastrukturunun genişləndirilməsinə xidmət edir. Ə.Məmmədov vurğulayıb ki, Qarabağ bölgəsində investisiya layihələrinin həyata keçirilməsi yalnız iqtisadi fəallığın artırılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, yerli sahibkarlığın inkişafına və müasir texnologiyaların tətbiqinə şərait yaradır. Xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr bölgənin istehsal potensialının gücləndirilməsinə mühüm töhfə verir. Qeyd olunub ki, bölgədə müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq kənd təsərrüfatı, turizm, emal sənayesi və xidmət sektoru əsas inkişaf sahələri kimi müəyyən edilib. Bu sahələr üzrə layihələrin icrası Qarabağın iqtisadi inteqrasiyasını sürətləndirir və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir. Qarşıdakı dövrdə də xarici investorlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin cəlb olunması istiqamətində işlər davam etdiriləcək.