Xankəndidə yekunlaşan “Bakı- Xankəndi” velosiped yarışından sonra şəhərin mərkəzi meydanında möhtəşəm konsert proqramı təşkil olunub. Tanınmış sənət adamları ifaları ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
1xeber.media xəbər verir ki,rəngarəng musiqi nömrələri, milli və müasir kompozisiyalar meydanda toplaşan insanlarda əsl bayram coşqusu yaradıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yerli sakinlər belə idman yarışlarının Xankəndidə keçirilməsini yüksək dəyərləndiriblər və bildiriblər ki, bu azad olunmuş ərazilərdə idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə və ictimai birliyin möhkəmlənməsinə mühüm töhfə verir. Xankəndidə keçirilən velosiped bayramı bir daha göstərib ki, idman və mədəniyyət tədbirləri bölgədə ictimai ruhu gücləndirir, insanları bir araya gətirərək, birlik və həmrəylik ab-havası yaradır. Konsert proqramını Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, Gənclər və idman naziri Fərid Qayıbov, yarış iştirakçıları, yerli sakinlər və şəhərin qonaqları izləyiblər.




