Вернуться назад Распечатать

Vüsal Aslanov: Metro tikilsə Binəqədi, Qaraçuxur sakinləri şəhərə gələcəklər…..

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov müsahibəsi zamanı səsləndirilən bəzi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə onun Binəqədi, Bakıxanov, Qaraçuxur və Yeni Yasamal kimi ərazilərlə bağlı dediyi sözlər vətəndaşlar arasında belə demək mümkündürsə, narazılıq yaradıb.

1xeber.media bildirir ki, qurum sədrinin müsahibəsində səsləndirdiyi “əgər həmin ərazilərdə metro stansiyaları tikilsə, insanlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar” fikri bir çoxları tərəfindən birmənalı qarşılanmayıb. Çünki bu yanaşma paytaxt sakinlərinin əsas nəqliyyat vasitəsinə çıxışını məhdudlaşdırmaq kimi qiymətləndirilir.

Əslində isə metro xəttinin genişləndirilməsi dünyanın bütün böyük şəhərlərində urbanizasiya yükünü azaltmaq, nəqliyyat sıxlığını minimuma endirmək və insanların rahat hərəkətini təmin etmək məqsədi daşıyır. Bakı kimi sürətlə böyüyən və hər gün minlərlə insanın mərkəzə üz tutduğu şəhərdə metro sadəcə nəqliyyat vasitəsi deyil, həm də sosial rahatlıq məsələsidir. Təəssüflər olsun ki, Vüsal Aslanov bunu başa düşmək istəmir.

Bu gün Binəqədi, Bakıxanov, Qaraçuxur və Yeni Yasamal kimi ərazilərdə yaşayan yüz minlərlə insan işə, universitetə, xəstəxanaya və digər vacib ünvanlara çatmaq üçün saatlarla tıxacda qalır. Metroya çıxışın olmaması isə həm vaxt itkisinə, həm maddi zərərə, həm də psixoloji yorğunluğa səbəb olur.

Məhz buna görə də vətəndaşlar hesab edir ki, metro xətlərinin genişləndirilməsi insanların şəhərə gəlməsinin qarşısını almaq üçün yox, əksinə onların həyatını asanlaşdırmaq üçün həyata keçirilməlidir. Çünki şəhər infrastrukturu insanlara xidmət etməlidir.

Urbanizasiya problemlərinin həlli nəqliyyatı məhdudlaşdırmaqla deyil, balanslı şəhər planlaması, yeni iş yerlərinin yaradılması və bölgələr üzrə inkişaf strategiyası ilə mümkündür. Əks halda, metro tikintisinin gecikməsi və ya müxtəlif səbəblərlə təxirə salınması ən çox sadə vətəndaşın həyatına mənfi təsir göstərir.

Vüsal Aslanov onu da anlamaq istəmir ki, Bakıda yeni metro stansiyalarının açılması artıq seçim deyil, zərurətə çevrilib. Çünki Bakı əhalisinin artımı və avtomobil sıxlığı mövcud nəqliyyat sisteminə ciddi yük yaradıb.

Vətəndaşların gözləntisi isə sadədir – daha əlçatan, daha rahat və hər kəs üçün bərabər nəqliyyat imkanları… Vüsal Aslanov üçün isə bu o qədsər də maraqlı deyil, onun üçün əsas olan insanların şəhərdən kənarda qalmasıdır. Əslində düz deyir, kasıb hara, şəhərin mərkəzi hara… Vüsal Aslanov dolayısı ilə bunu demək istəyirdi…

xalq.online