Вернуться назад Распечатать

Rauf Hacıyev: Xəzərdə suyun azalmasının qarşısının alınmasında özəl sektor da iştirak etməlidir

Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşısı alınması istiqamətində atılacaq addımlarda bir maliyyə bazasına fokuslanmaq doğru deyil.

1xeber.media xəbər verir ki, bunu Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı sessiyada deyib.

Onun sözlərinə görə, bu təşəbbüsdə özəl sektor da fəal iştirak etməlidir:

"Maliyyələşmə boşluqlarından biri də layihə hazırlığı mərhələsində özünü göstərir. Bir çox hallarda prioritetlər və layihə ideyaları mövcud olur, lakin onların beynəlxalq maliyyə institutları və iqlim fondları üçün tam hazır, maliyyələşdirilə bilən layihələrə çevrilməsi ayrıca resurs və texniki dəstək tələb edir. Yerli səviyyədə icra potensialının gücləndirilməsi də vacib məsələdir. Adaptasiya tədbirləri son nəticədə şəhərlərdə, rayonlarda və icmalarda həyata keçirilir. Əgər yerli səviyyədə texniki və institusional imkanlar kifayət qədər güclü deyilsə, ayrılmış resursların effektiv istifadəsində də çətinliklər yarana bilər".

Nazir müavini bildirib ki, bu ehtiyacların qarşılanması üçün yalnız bir maliyyə mənbəyinə güvənmək yetərli deyil:

"Dövlət büdcəsi, iqlim fondları, çoxtərəfli inkişaf bankları və özəl sektor investisiyaları bir-birini tamamlayan şəkildə istifadə olunmalıdır. Qarışıq maliyyələşmə yanaşmaları bu baxımdan mühüm imkan yaradır. İqlim fondları risklərin azaldılmasına, pilot layihələrə və texniki yardım işlərinə dəstək verə bilər".