Bu günlərdə dünyanın diqqəti yenidən Bakıya yönəlib və Azərbaycanda növbəti tarixi
hadisə yaşanır. Ölkəmiz BMT miqyasında ikinci ən böyük tədbir olan XIII Ümumdünya
Şəhərsalma Forumuna (WUF13) evsahibliyi edir. 17-22 may tarixlərində Bakıda keçiriləcək
forumda müxtəlif ölkələrdən ümumilikdə 32 mindən çox iştirakçının qatılması gözlənilir.
WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Tədbir çərçivəsində təşkil olunacaq
pavilyonlarda 41 ölkə iştirak edəcək. 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma
Forumu BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiridir. Forum bilik və
təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün
açıqdır. COP29-un tarixi uğurlarından dərhal sonra şəhərsalma üzrə dünyanın bu ikinci ən
böyük platformasının Bakıda keçirilməsi, Azərbaycanın qlobal liderlik missiyasının və etibarlı
tərəfdaş imicinin növbəti zirvəsidir.
Prezident İlham Əliyev XIII Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda
keçirilməsini yüksək qiymətləndirib və bu uğuru Üçüncü Azərbaycan Milli Şəhərsalma
Forumunun iştirakçılarına ünvanladığı müraciətində belə vurğulayıb: "2026-cı ildə dünyanın
şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya
proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir".
Dövlətimizin başçısı qeyd edib ki, bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya
proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə
qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək.
Qlobal urbanizasiya proseslərinin sürətləndiyi müasir dövrdə şəhərlərin dayanıqlı
inkişafı, yeni şəhərsalma modelləri, iqlim dəyişikliyinin şəhər mühitinə təsiri və sosial inklüzivlik
kimi mövzular beynəlxalq gündəliyin prioritetlərinə çevrilib. Bu kontekstdə dünyanın ən
mötəbər platformalarından sayılan Ümumdünya Şəhərsalma Forumuna Bakının evsahibliyi
etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal proseslərdə artan rolunun bariz
göstəricisidir.
Ümumiyyətlə, Azərbaycanın evsahibliyi etdiyi qlobal forumlar ölkəmizin beynəlxalq
münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir.Hər mötəbər tədbir Azərbaycanın
nüfuzunu bir pillə yüksəyə daşıyır.
Belə mühüm tədbirlər Azərbaycan üçün həm də strateji təbliğat vasitəsidir. Minlərlə
xarici nümayəndənin, dövlət başçılarının və dünya mediasının Bakıya toplaşması
Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsini
sürətləndirir, ölkəmizin beynəlxalq arenada manevr imkanlarını genişləndirir.
Ümumdünya Şəhərsalma Forumu da Azərbaycan üçün həm qlobal həmrəyliyin
gücləndirilməsi, həm də ölkənin beynəlxalq reytinqlərdəki yerinin möhkəmlənməsi baxımından
əvəzsizdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın inkişaf strategiyasının
güzgüsüdür. WUF13-ün timsalında isə dünyanın yeni şəhərsalma fəlsəfəsi Bakıda
formalaşacaq. Bakı bəşəriyyətin gələcək taleyinin, dayanıqlı yaşayış mühitinin və qlobal
urbanizasiya siyasətinin formalaşdığı mühüm siyasi paytaxtlardan biri olduğunu bütün
dünyaya göstərəcək. Azərbaycan özünün yüksək təşkilatçılıq imkanlarını və bəşəri dəyərlərə
sadiqliyini nümayiş etdirməklə yanaşı, regional sabitliyin və qlobal inkişafın mərkəzi olduğunu
bir daha təsdiqləyəcək. Forum çərçivəsində qurulacaq siyasi əlaqələr, formalaşacaq
tərəfdaşlıqlar uzunmüddətli perspektivdə Azərbaycanın xarici siyasət kursunun uğurlu
davamını şərtləndirəcək. Bakıdan dünyaya yayılacaq yeni ideyalar, qəbul ediləcək qərarlar və
qurulacaq tərəfdaşlıqlar bəşəriyyətin ortaq gələcəyinin dizayn edilməsində Azərbaycanın
silinməz imzasını qoyacaq. Ölkəmiz hər bir tədbirdə həm öz mədəniyyətini, həm də yüksək
təşkilatçılıq qabiliyyətini nümayiş etdirərək dünyanı sülh, həmrəylik və dayanıqlı inkişaf
ətrafında birləşdirməyə davam edəcək.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi