Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində Prezident
İlham Əliyev bir daha bəyan etdi ki, tədbirə dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı
qeydiyyatdan keçib. Bu, WUF13-ün qlobal miqyasını və Bakının beynəlxalq platforma kimi
artan çəkisini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu
məkan olduğunu vurğulayaraq, bu harmoniyanın ölkənin memarlığında və şəhərsalma
modelində də əks olunduğunu bildirdi. Xüsusilə qədim İçərişəhərlə müasir Bakı arasında
yaradılan memarlıq vəhdəti Azərbaycanın həm öz tarixi irsinə sadiqliyini, həm də müasir
urbanizasiya çağırışlarına açıq olduğunu göstərir.
Dövlət başçısı qeyd etdi ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”
elan olunması ölkədə bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisidir. Son illərdə xüsusilə
işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri isə nadir rast gəlinən
genişmiqyaslı urbanizasiya layihələrindən biridir.
Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Qarabağ və Şərqi
Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı oldu. Dövlət başçısı qeyd etdi ki, 30
illik işğal dövründə tamamilə dağıdılmış şəhərlər bu gün müasir standartlara uyğun şəkildə
yenidən qurulur. Cəmi beş il ərzində bölgədə tunellərin, körpülərin, beynəlxalq hava
limanlarının, məktəblərin, xəstəxanaların və yeni yaşayış məntəqələrinin tikilməsi
Azərbaycanın iqtisadi və təşkilati potensialını nümayiş etdirir.
Forumda Azərbaycanın zəngin tarixi-mədəni irsinə də xüsusi diqqət ayrıldı. Prezident
çıxışında Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Şuşa kimi qədim şəhərlərin memarlıq
irsini xüsusi vurğuladı. Bu yanaşma Azərbaycanın şəhərsalma siyasətinin milli-mədəni irsin
qorunmasını əsas prioritet hesab etdiyini göstərir.
Bakının ekoloji transformasiyasına dair reallıqlar da forumun mühüm mesajlarından
biridir. Bir vaxtlar neft sənayesinin yaratdığı ciddi ekoloji problemlərlə üzləşən paytaxt bu gün
müasir parkları, yaşıl zonaları və urbanistik layihələri ilə fərqli sima qazanır. Xüsusilə keçmiş
“Qara şəhər”in müasir Ağ Şəhər layihəsinə çevrilməsi urbanizasiya sahəsində uğurlu
transformasiyanın simvolu kimi təqdim edildi.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesajlardan biri də inkişafla tarixi
irsin qorunması arasında balansın saxlanılmasıdır.
Bütövlükdə WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir.
Bu forum vasitəsilə Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi