Naxçıvan aeroportuna dron hücumundan sonra dayandırılan İstanbul reysləri hələ də bərpa olunmayıb. Güzəştli qiymətlərlə həyata keçirilən uçuşların dayanması sakinlərin narazılığına səbəb olub.
1xeber.media xəbər verir ki,hazırda işsiz qalan və vaxtilə bu reyslərdə çalışmış “AJet” əməkdaşlarının “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, uçuşların bərpa olunmamasına səbəb Azərbaycan tərəfinin şirkətə tətbiq etdiyi yanacaq endirimini dayandırması olub.
“Bəzi ölkələrə güzəştli yanacaq verirlər, amma blokada şəraitində yaşayan Naxçıvan üçün strateji əhəmiyyət daşıyan bu reyslərin davam etməsinə yox. Dron hücumu isə uçuşların dayandırılması üçün bəhanəyə çevrildi. Yanacaqla bağlı problemlər əvvəllər də olurdu. Amma bu reys 16 il fəaliyyət göstərib və belə hallarda Naxçıvanın vəziyyəti nəzərə alınaraq müəyyən güzəştlər edilirdi ki, uçuşlar davam etsin.
Bir il əvvələ qədər reysləri “Türk Hava Yolları” həyata keçirirdi və biletlər təxminən 500 manat idi. Daha sonra “AJet” uçuşları daha ucuz qiymətlərlə, təxminən 300 manata təşkil etməyə başladı. Bizə deyilənə görə, bunun üçün şirkətə güzəştli yanacaq veriləcəyinə söz verilib. Bu sərfəli reyslərin açılması geniş şəkildə reklam olunurdu, amma bağlanması ilə bağlı heç yerdə məlumat verilmir.
İnsanlar rahat gedib-gəlirdi. Hazırda isə həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalmışıq. Bizə hər dəfə ‘bu gün-sabah açılacaq’ deyirlər, amma ortada konkret razılaşma yoxdur.”
Reyslərin bərpa olunmasını İstanbula işləməyə gedib-gələn sakinlər də səbirsizliklə gözləyirlər:
“Çox rahat idi. Son vaxtlar biletlər ucuzlaşdıqdan sonra daha sərfəli olmuşdu. Avtobusla əziyyətli şəkildə bir, bəzən isə iki sutka yol gedib İstanbula çatmaq təxminən 250-300 manata başa gəlirdi. Ona görə də çox adam eyni qiymətə bu reysləri seçirdi. 1 saat çəkmiridi, İstanbula çatırdın. İndi isə uçuşları dayandırıblar. Dron hücumunu səbəb göstərirlər. Amma belədirsə, onda Bakı reysləri də işləməməlidir.”
Qeyd edək ki, Naxçıvan-İstanbul və əks istiqamətdə həyata keçirilən reyslər həftədə iki dəfə icra olunurdu. Martın sonlarında İranın Naxçıvan hava limanına dron hücumlarından sonra təhlükəsizlik səbəbi ilə bu uçuşlar dayandırılıb.