Hazırda dünyada ərzaq təhlükəsizliyi məsələsi xüsusi aktuallıq kəsb edir. Qlobal iqlim
dəyişiklikləri, su ehtiyatlarının azalması və beynəlxalq bazarlardakı qeyri-sabitlik kənd
təsərrüfatının strateji əhəmiyyətini daha da artırır. Azərbaycan dövləti də bu çağırışları nəzərə
alaraq daxili istehsalın artırılmasına, yerli məhsulların keyfiyyətinin yüksəldilməsinə və
idxaldan asılılığın azaldılmasına xüsusi diqqət yetirir. Müasir suvarma sistemlərinin qurulması,
aqroparkların yaradılması və rəqəmsal texnologiyaların tətbiqi kənd təsərrüfatının
səmərəliliyini artıran əsas amillərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft
sektorunun inkişafı prioritet istiqamət kimi müəyyən edilmişdir. Bu siyasətin əsas
istiqamətlərindən biri də kənd təsərrüfatının müasir tələblərə uyğun inkişaf etdirilməsidir.
Dövlət proqramları çərçivəsində regionlarda yeni emal müəssisələrinin yaradılması kənd
yerlərində məşğulluğun artmasına və əhalinin sosial rifahının yüksəlməsinə müsbət təsir
göstərir.
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə
səsləndirdiyi fikirləri də dövlətin aqrar sektora, onun sürətli inkişafına yönəlmiş strategiyası
kimi səciyyələndirmək lazımdır.
Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı strateji əhəmiyyətə malik sahələrdən
biridir. Bu sahə əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, regionlarda məşğulluğun
artırılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm rol oynayır. Son illərdə ölkədə
kənd təsərrüfatının modernləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması və ixrac potensialının
genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Mövcud imkanlar və dövlət dəstəyi
bu sahənin gələcək inkişaf perspektivlərini daha da gücləndirir.
Azərbaycan əlverişli iqlim şəraiti, münbit torpaqları və zəngin su ehtiyatları ilə kənd
təsərrüfatının inkişafı üçün geniş imkanlara malikdir. Respublikada taxılçılıq, pambıqçılıq,
üzümçülük, meyvəçilik, tərəvəzçilik, heyvandarlıq və arıçılıq kimi sahələrin inkişafı üçün böyük
potensial mövcuddur. Xüsusilə işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı dövriyyəsinə
cəlb olunması yeni inkişaf mərhələsinin başlanğıcı hesab olunur. Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında müasir aqrar təsərrüfatların yaradılması, “ağıllı kənd” və “ağıllı şəhər”
layihələrinin həyata keçirilməsi kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə geniş
şərait yaradır.
Dövlətin kənd təsərrüfatının inkişafında rolu olduqca böyükdür. Azərbaycan dünyada
nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Son
illərdə fermerlərə subsidiyaların verilməsi, güzəştli kreditlərin ayrılması, texnika və gübrələrin
güzəştli şərtlərlə təqdim olunması kənd təsərrüfatı istehsalçılarına mühüm dəstək olmuşdur.
Aqrar Sığorta Fondunun fəaliyyəti fermerlərin risklərinin azaldılmasına xidmət edir. Eyni
zamanda, kənd təsərrüfatı məhsullarının ixracının təşviqi məqsədilə müxtəlif dövlət
proqramları həyata keçirilir.
Kənd təsərrüfatının inkişaf perspektivləri sırasında ekoloji təmiz və üzvi məhsul
istehsalının genişləndirilməsi də mühüm yer tutur. Dünya bazarında ekoloji məhsullara
tələbatın artması Azərbaycanın ixrac imkanlarını genişləndirə bilər. Bunun üçün beynəlxalq
standartlara uyğun istehsal sistemlərinin qurulması və fermerlərin maarifləndirilməsi xüsusi
əhəmiyyət daşıyır.
Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran,
yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə
qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında
düşünməlidir və konkret addımlar atmalıdır
Azərbaycan kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir. Dövlətin həyata
keçirdiyi məqsədyönlü siyasət, müasir texnologiyaların tətbiqi və regionların sosial-iqtisadi
inkişafına yönəlmiş proqramlar bu sahənin gələcəkdə daha da güclənəcəyini göstərir. Kənd
təsərrüfatının inkişafı yalnız iqtisadi artıma deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin
olunmasına və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verir.
Bəxtiyar Məmiyev,
Sabirabad rayon Bitki mühafizə idarəsinin rəisi