Son vaxtlar həkimlərin televiziya kanallarında sosial və şou verilişlərində aktiv şəkildə reklam olunması cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib.
Məsələ müxtəlif zamanlarda Milli Məclisdə də gündəmə gətirilib və deputatlar tibb sahəsində "şəxsi reklam”ın müəyyən çərçivəyə salınması və ya tam məhdudlaşdırılması təklifini müzakirə ediblər.
Müzakirələrdə əsas narahatlıq ondan ibarətdir ki, bəzi hallarda həkimlər və klinikalar televiziya proqramlarında özlərini həddindən artıq reklam edir, bu isə tibbi etika və obyektiv seçim prinsiplərinə mənfi təsir göstərə bilər. Xüsusilə plastik cərrahiyyə və estetik prosedurlarla bağlı aqressiv reklamların yanlış seçimlərə və sağlamlıq risklərinə səbəb ola biləcəyi halları da müşahidə olunur.
1xeber.media xəbər verir ki, tanınmış həkim, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələyə sistemli yanaşmaq lazımdır:
"Bu məsələyə emosional deyil, sistemli yanaşmaq lazımdır. Müasir dövrdə informasiya dövründə yaşayırıq və həkimin öz fəaliyyəti, ixtisası, xidmət sahəsi, qəbul saatları, tətbiq etdiyi metodlar və tibbi maarifləndirmə ilə bağlı ictimaiyyətə açıq məlumat verməsi normal və hətta müəyyən mənada zəruridir.
Xəstə də kimə müraciət etdiyini bilməli, həkimin təcrübəsi, ixtisas istiqaməti və peşə fəaliyyəti barədə məlumat əldə edə bilməlidir.
Deputat deyib ki, bəzi həkimlər sərhədi aşaraq özlərini reklam etdirir:
"Ancaq burada çox ciddi bir sərhəd var. Tibbi maarifləndirmə ilə aqressiv, etikadan uzaq reklam arasında fərq qoyulmalıdır. Təəssüf ki, bəzən bəzi media platformalarında tibbin elmi və etik mahiyyətindən uzaqlaşan, "ən yaxşı həkim”, "100 faiz sağaldırıq”, "möcüzə nəticə”, kimi ifadələri eşdirik və xəstənin qorxusu və ümidi üzərindən qurulan təqdimatlara rast gəlirik.
Bu isə həm tibbi etika, həm də peşəyə ictimai etimad baxımından doğru yanaşma deyil. Həkim ilk növbədə peşəkarlığı, nəticələri, elmi fəaliyyəti və xəstəyə münasibəti ilə tanınmalıdır, marketinq dili ilə deyil”.
Parlamentari qeyd edib ki, daha doğru yanaşma beynəlxalq təcrübəyə uyğun olaraq tibbi reklam qaydalarının sərtləşdirilməsidir:
"Milli Məclisdə də müzakirələrin əsas mahiyyəti həkimin özünü təqdim etməsinin tam qadağan olunması yox, etik çərçivənin müəyyən edilməsidir. Mən hesab edirəm ki, məsələ "tam qadağa” və ya "tam sərbəstlik” arasında deyil. Daha doğru yanaşma beynəlxalq təcrübəyə uyğun olaraq tibbi reklam qaydalarının sərtləşdirilməsi, yanlış və manipulyativ reklamın qarşısının alınması, nəticəsi zəmanət kimi təqdim edilən, xəstə görüntülərindən sui-istifadə edən və qeyri-real gözlənti yaradan təqdimatların məhdudlaşdırılmasıdır”.
Deputat qeyd edib ki, keyfiyyətli xidmət yalnız reklamın azlığı ilə yaranmır:
"Keyfiyyətli xidmət yalnız reklamın azlığı ilə yaranmır. Keyfiyyətin əsas göstəriciləri həkimin biliyi, davamlı təhsili, klinik protokollara əməl etməsi, tibbi infrastruktur, nəzarət mexanizmləri və xəstə təhlükəsizliyidir. Amma reklam tibbin məğzini kölgədə qoyursa, həkim seçimi peşəkarlıqdan çox populyarlığa əsaslanırsa, bu, sistem üçün risk yarada bilər. Məqsəd həkimi susdurmaq deyil, tibbi etikaya uyğun, məsuliyyətli və şəffaf kommunikasiya mədəniyyəti formalaşdırmaq olmalıdır”.