Azərbaycanda ərzaq təhlükəsizliyi illərdir dövlət siyasətinin əsas istiqamətlərindən biri elan olunsa da, ölkənin buğda istehsalı ilə bağlı göstəricilər ciddi suallar doğurur. Xüsusilə son müşavirədə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər göstərir ki, daxildə də bu sahənin nəticələrindən narazılıq var.
Bizimesr.com bildirir ki, Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə açıq şəkildə bildirdi ki, Azərbaycan özünü buğda ilə cəmi 55 faiz təmin edir və illərdir vəziyyət dəyişmir.
Biz elə yerimizdə sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur... Buna baxmayaraq, buğda istehsalı və onun özünütəminetmə əmsalı bizdə artmır. Ölkədə daxili buğda istehsalı 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min tondur. 55 faizlik təminat səviyyəsi “qəbuledilməz rəqəmdir” və idxalın azaldılması vacibdir.Bu əslində kənd təsərrüfatı siyasətinin effektivliyi ilə bağlı ciddi sual ortaya çıxarır - əgər illərlə milyardlarla manat subsidiya ayrılıb, aqroparklar yaradılıb, texnika və güzəşt proqramları tətbiq olunubsa, niyə artımlı nəticə yoxdur?
Qayıdaq bir neçə ay əvvələ...
Məcnun Məmmədov AzTV-yə müsahibəsində 2025-ci ildə taxıl istehsalının əvvəlki illə müqayisədə 3 faiz artdığını bildirmişdi və bunu müsbət nəticə kimi təqdim etmişdi. Bu sadəcə cüzi və birillik artım və bunu uğur kimi təqdim etmək manipulyativ idi. Çünki uzunmüddətli statistika tam əks mənzərə ortaya qoyurdu.
2019-cu ildə torpaqların 20 faizi işğal altında olduğu vaxt Azərbaycanda indikindən 163 min ton çox taxıl istehsal olunub;
Buğda istehsalı isə son 6 ildə 25,8 faiz azalıb;
Hətta 2004-cü ildə ölkədə 2025-ci ildən daha çox buğda istehsal edilib.
Ümumilikdə isə son 20 ildə ölkə əhalisi təxminən 1,9 milyon nəfər artsa da, buğda istehsalı artmayıb. Bu müqayisələr göstərir ki, problem təkcə hava şəraiti və ya bir mövsümlük məhsuldarlıqla bağlı deyil. Problem sistemlidir.
Son illərdə hökumət kənd təsərrüfatında aqropark modelini prioritet elan edib. Dövlət büdcəsindən və güzəştli kreditlər hesabına iri təsərrüfatlar yaradılıb, müasir texnika alınıb, subsidiyalar ayrılıb. Prezident özü də müşavirədə aqroparkların müəyyən müsbət rolunu qeyd etdi. Amma eyni zamanda bildirdi ki, buğda istehsalında ciddi dönüş əldə olunmayıb. Bu isə belə bir sual yaradır — ayrılan vəsaitlərin effektivliyi necə qiymətləndirilməlidir?
Azərbaycanda bir hektardan götürülən buğda məhsuldarlığı bir çox inkişaf etmiş aqrar ölkələrlə müqayisədə olduqca aşağıdır.
Bunun səbəbləri arasında keyfiyyətli toxum problemi, torpaqların şoranlaşması, düzgün əkin dövriyyəsinin aparılmaması, suvarma problemləri, aqrotexniki qaydalara zəif nəzarət və sair var.
İllərlə subsidiyalar ayrılsa da, onların real məhsuldarlığa təsiri ciddi şəkildə ölçülməyib. Bəzi hallarda subsidiya sistemi məhsul istehsalını deyil, sadəcə torpaq qeydiyyatını stimullaşdırıb. Daha bir səbəb isə Azərbaycanın bir çox bölgəsində su çatışmazlığının buğda istehsalının əsas problemlərindən biri olmasıdır. Müasir damcı və qənaətli suvarma sistemlərinin tətbiqi isə hələ də məhdud səviyyədədir.
Daha bir məsələ isə uzun illər ərzində idxal buğdasının daxili bazarı daha rahat təmin etdiyindən, yerli istehsalın strateji inkişafının arxa plana keçməsidir. Yəni, nazir Məcnun Məmmədov düşünüb ki, dövlətin pulu var və lazım olsa buğda alar...
Əslində isə nazirlik nə etməli idi və nəyi edə bilməyib?
Məcnun Məmmədov ilk öncə yüksək məhsuldarlıqlı toxum proqramlarını genişləndirməli, suvarma infrastrukturunu sürətlə modernləşdirməli, subsidiya sistemini nəticəyönümlü etməli, kiçik fermerləri bazar və kredit imkanlarına daha rahat çıxarmalı, regionlar üzrə torpaq və iqlimə uyğun istehsal strategiyası hazırlamalı idi.
Bundan əlavə, aqrar siyasətdə əsas göstərici kimi sadəcə “ayrılan vəsait” və ya “yaradılan aqropark” deyil, real məhsuldarlıq və özünütəminetmə səviyyəsi götürülməli idi.
Prezidentin “yerimizdə sayırıq” ifadəsi isə əslində hökumətin kənd təsərrüfatı siyasətinə verilən ən sərt qiymətlərdən biri kimi görünməlidir. Çünki bu açıqlama dolayısı ilə onu göstərir ki, ayrılan böyük maliyyə resurslarına baxmayaraq strateji məqsəd — buğda istehsalının artırılması kimi nəticə yerinə yetirilməyib.
Əgər 20 il əvvəlki istehsal səviyyəsi bu gün də keçilə bilmirsə və ölkə hələ də buğdanın təxminən yarısını idxal edirsə, bu artıq təkcə aqrar problem deyil, həm də idarəetmə və strategiya problemidir.
bizimesr.com