Вернуться назад Распечатать

“2030 hədəfimiz neftdən asılılığı minimuma endirməkdir”

 

Bizim əsas prioritetlərimiz var. Bu prioritetlərimiz də daim xərc siyasətimizdə qorunacaq. Birincisi, ölkəmizin müdafiə qabiliyyəti, ölkəmizin təhlükəsizliyinin təmin olunması – onun bütün xərc təminatı hər zaman dövlət büdcəsində qorunacaq.

1xeber.media  xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində səsləndirib.

“Böyük Qayıdış” Proqramı - vətəndaşlarımızın azad olunmuş ərazilərimizə layiqli şəkildə qayıtmasının təmin edilməsi. Ona görə də “Böyük Qayıdış” Proqramının təminatı hər zaman büdcəmizdə olacaq. Sosial rifah tədbirləri – dövlətimizin başçısının rəhbərliyi, təşəbbüsü ilə daim həyata keçirilən sosial islahatların maliyyə təminatı büdcəmizdə olacaq. İnvestisiya, dövlət investisiya portfeli... Yəni bizim bu kimi əsas prioritetlərimiz həm 2027-ci il, həm də ondan sonrakı dövrdə tərtib olunan büdcə parametrlərimizə daxil edilir.

Paralel olaraq, bu dövr üçün biz ciddi şəkildə üzərində işləyəcəyik ki, Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığını mərhələlərlə azalda bilək. Biz artıq 2026-cı ilin nəticələrinə toxunduq, mən növbəti dövr üzrə rəqəmləri demək istəyirəm. Dövlət büdcəsində neftin payı əgər keçən il 48 faiz idisə, proqnozlaşdırırıq ki, cari ildə bu pay icrada 42-43 faizə enəcək. Proqnozda 42,6 faizdir, düşünürük ki, icrada 42-43 faiz aralığında olacaq. 2030-cu ildə bu rəqəmin cəmi 30 faiz olmasını planlaşdırırıq. Bu, dövlət büdcəsində çox ciddi dəyişiklikdir. Cəmi 5 illik dönəmdə 48 faizdən 30 faizə qədər enir və artıq dövlət büdcəsinin 70 faizi qeyri-neft gəlirləri hesabına təmin olunacaq”, - deyə nazir əlavə edib.