“Nə maaş vermək fikirləri var, nə də…” İşçilər niyə çıxılmaz duruma salınıb? –
Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 41 ünvanında yerləşən “Baku Tower” adlanan binada təmir-tikinti işlərini icra edən 80-ə yaxın işçi 3 aya yaxındır ki, əməkhaqlarını ala bilmirlər. Məlumata görə, işçilər aidiyyəti qurumlara müraciət etsələr də, hələlik bir nəticə əldə olunmayıb. Şikayətçilərdən biri qanuni əmək müqaviləsi ilə çalışdıqlarını bildirsə də, işçilərin böyük əksəriyyətinin əsassız yerə işdən çıxarıldığını, onlara nə kompensasiya, nə də qalan maaşların ödənildiyini vurğulayıb.
Məsələyə münasibət bildirən subpodratçı “Santex-Servis” MMC-nin rəhbəri Rauf Hidayətov isə gecikmənin sifarişçi şirkətdə yaranan problemlərlə bağlı olduğunu qeyd edib: “Sənədləşmə prosesi artıq başa çatıb. Qarşı tərəf yaxın günlərdə tam ödəniş edəcəyinə söz verib. Vəsait köçürülən kimi işçilərin maaşları tam ödəniləcək”. Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirilib ki, quruma “Santex-Servis” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı daxil olan müraciətlər əsasında araşdırma aparılır. Araşdırma zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilərsə, işəgötürən barəsində qanunauyğun tədbirlər görüləcək.