İnsan və cəmiyyət münasibətlərində elə məqamlar vardır ki, onu heç bir başqa
məfhumla müqayisə etmək olmaz. Azərbaycan və Türkiyə münasibətləri bütün məfhumların
üzərində olan qardaşlıq meyarlarına əsaslanan əlaqələr məcmusudur. Deyərlər ki, qardaş
qardaşın ən çətin günündə onun yanında olmalıdır. Türkiyə Azərbaycanın, Azərbaycan isə
Türkiyənin yanında olmağı bir əsrdən artıqdır ki, bacarmışlar. 31 mart 1918-ci ildə xalqımıza
qarşı soyqırım hadisəsi törədiləndə, Sovetlər birliyi Zəngəzuru, Göyçəni aldığı kimi Naxçıvanı
da bizim əlimizdən almaq istəyəndə, daxili və xarici düşmənlər Ulu Öndər Heydər Əliyevlə
birgə qədim Naxçıvanı blokadaya salanda Türkiyə bizim yanımızda idi. Türkiyə müstəqilliyimizi
tanıyan ilk ölkədir, Türkiyə ordumuzu yoxdan var edən, bizə intizamlı ordu yaratmağı öyrədən
ölkədir. Türkiyənin varlığı bizim üçün hər zaman güvən hissi yaratmışdır. İkinci Qarabağ
müharibəsində savaşın ilk saatlarından Türkiyənin mərd və qorxmaz mövqeyi, siyasi və
mənəvi dəstəyi bizə düşmən olan bütün qüvvələrin niyyətlərini ürəklərində qoydu. Dünyanın
ən güclü və müasir ordularından birinə sahib olan Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməyən
hətta dünyanın ən güclü dövlətləri ancaq siyasi əhəmiyyəti olmayan bəyanatlar verməklə
kifayətləndilər.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana,
Qarabağa, Şuşaya səfərə gəlməsi Qarabağda əldə etdiyimiz tarixi zəfərə dünyanın verdiyi
qiymətdir. Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ölkəmizlə yanaşı Türkiyənin də
beynəlxalq nüfuzuna müsbət təsir etmişdir.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun
15-də Şuşaya səfəri tarixi əhəmiyyətə malikdir. Ən birincisi ona görə ki, Şuşanın türk
mədəniyyətinin paytaxtı olması fikri öz təsdiqini tapır. Daha sonra Şuşanın tarixi Azərbaycan
şəhəri olması tezisi, orada yüksək çinli xarici dövlət başçılarının və nümayəndələrinin qəbulu
ilə sübuta yetirilir.
Həmin gün Şuşada 11 səhifədən ibarət “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin”
imzalanması “Bir millət iki dövlət” mənəvi birliyinin tarixdə ilk dəfə hüquqi zəmində
möhkəmləndirilməsi oldu. Tarixi əsaslarla dəstəklənən iki dövlətin münasibətləri bütün
sahələrdə özünün qızıl dövrünə qədəm qoymuş oldu. Təhsildən səhiyyəyə, elmdən kənd
təsərrüfatına, tikintidən müdafiə sənayesinə qədər hər bir mətləbə toxunulan, onun inkişafını
təmin edən “Müttəfiqlik haqqında Şuşa bəyannaməsi” tarixdə analoqu olmayan iki dövlət
arasında imzalanmış sənəd hesab oluna bilər. Azərbaycan və Türkiyənin münasibətlərinə
dərindən nəzər yetirdikdə bu iki dövlətin münasibətlərinin tarixdə və siyasət səhnəsində ikinci
bir analoqu olmadığını asanlıqla görə bilərik. “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” bir
daha iki dövlətin nəinki milli maraqlarının, hətta dövlət maraqlarının da üst-üstə düşdüyünü
göstərmiş oldu. Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu dəfə də bəyannamənin ilk
bəndlərindən etibarən beynəlxalq hüququn normalarına sadiq qaldıqlarını nümayiş etdirdilər.
İki dövlət arasında imzalanan və münasibətlərinin yeni müstəvisini təşkil edəcək sənəd eyni
zamanda da Qars müqaviləsinin tarixi davamı hesab oluna bilər. Düz yüz il bundan əvvəl
Naxçıvanın SSRİ tərəfindən Ermənistana ilhaq edilməsinin qarşısını alan Türkiyənin imza
atdığı Qars müqaviləsinin davamı hesab olunan Şuşa bəyannaməsi özlüyündə həm
Qarabağın təhlükəsizliyini, həm də regionda sülh və əmin-amanlığı təmin edəcəkdir. Şuşa
bəyannaməsi ilə Cənubi Qafqazda yeni münaqişə ocaqlarının birdəfəlik aradan qaldırılması
hesablanmaqdadır. Türkiyə Respublikasının Baş Konsulluğunun ən qısa zamanda Şuşada
açılması həm Türkiyənin regionda fiziki varlığını gücləndirəcək, həm də diplomatik və hüquqi
təsir vasitələrini artıracaqdır.
Şuşa dünya mədəniyyət tarixində iz qoymuş bir şəhərdir. Cənab Ərdoğanın da ifadə
etdiyi kimi Şuşa yalnız ölkəmizin deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olmağa
layiqdir və olacaqdır da. İndi Cıdır düzündə Qarabağ atları var-gəl edir, Şuşanın hər
məscidindən Azan səsi gəlir, Şuşada hər məclisdə muğam oxunur. Budur dövlətimizin və
dövlət başçımızın öz xalqına verdiyi əvəzsiz töhfə!
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri