Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik
münasibətləri bu gün regionun ən güclü əməkdaşlıq modellərindən biri hesab olunur. Ortaq
tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşan bu münasibətlər müstəqillik
dövründə daha da möhkəmlənərək siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə geniş
əməkdaşlıq müstəvisinə çevrilmişdir. Xüsusilə son illərdə həyata keçirilən birgə layihələr və
imzalanan mühüm sənədlər Azərbaycan-Türkiyə əlaqələrini yeni inkişaf mərhələsinə
yüksəltmişdir. Bu baxımdan, iki qardaş dövlət arasında strateji müttəfiqlik münasibətləri hər iki
ölkənin iqtisadi inkişafında mühüm rol oynayan əsas amillərdən biri kimi çıxış edir.
Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın əsasını qarşılıqlı etimad və
etibarlı tərəfdaşlıq təşkil edir. Müstəqilliyin ilk illərindən etibarən Türkiyə Azərbaycanın iqtisadi
inkişafına dəstək göstərən əsas tərəfdaşlardan biri olmuşdur. Bu gün Türkiyə Azərbaycanın ən
böyük ticarət tərəfdaşlarından biri, Azərbaycan isə Türkiyəyə ən çox investisiya yatıran
ölkələrdən biridir. İki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artması, yeni investisiya
layihələrinin həyata keçirilməsi və iqtisadi əlaqələrin şaxələndirilməsi əməkdaşlığın uğurlu
nəticələrindən xəbər verir.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının ən mühüm
istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası
nəticəsində həyata keçirilən beynəlxalq layihələr bu gün hər iki ölkənin iqtisadi inkişafına
mühüm töhfələr verir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz
kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Cənub Qaz Dəhlizi kimi layihələr
Azərbaycan və Türkiyənin əməkdaşlığının ən parlaq nümunələridir.
Bu layihələr sayəsində Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxarmaq
imkanı əldə etmiş, Türkiyə isə mühüm enerji qovşağına çevrilmişdir. Eyni zamanda Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında hər iki ölkənin rolu əhəmiyyətli dərəcədə artmışdır.
Bu gün Azərbaycan qazı Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur və bu, ölkəmizin
beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da iqtisadi əlaqələrin mühüm
istiqamətlərindəndir. Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Avropa ilə Asiyanı birləşdirən
mühüm nəqliyyat dəhlizi kimi böyük əhəmiyyət daşıyır. Bu layihə yükdaşımaların həcmini
artırmaqla yanaşı, Azərbaycan və Türkiyənin tranzit imkanlarını genişləndirmiş, regionun
iqtisadi potensialının inkişafına şərait yaratmışdır. Hazırda Orta Dəhlizin əhəmiyyətinin artması
fonunda Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yeni strateji məzmun qazanır.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra iqtisadi əməkdaşlıq daha da
sürətlənmişdir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Bəyannamə iki ölkə
arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, iqtisadi əlaqələrin inkişafı
üçün də yeni imkanlar açmışdır. Sənəddə qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin
artırılması, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və yeni iqtisadi layihələrin
həyata keçirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edilmişdir.
Azərbaycan və Türkiyə arasında qarşılıqlı investisiyalar iqtisadi əməkdaşlığın mühüm
göstəricilərindəndir. Azərbaycan şirkətləri Türkiyədə müxtəlif sahələrə milyardlarla dollar
investisiya yatırmışdır. Xüsusilə enerji, neft-kimya, bank və sənaye sektorlarında həyata
keçirilən layihələr Türkiyə iqtisadiyyatına əhəmiyyətli töhfələr vermişdir. Eyni zamanda Türkiyə
şirkətləri Azərbaycanda inşaat, sənaye, kənd təsərrüfatı, xidmət və digər sahələrdə uğurla
fəaliyyət göstərirlər. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma
işlərində də Türkiyə şirkətlərinin fəal iştirakı müşahidə olunur.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycan-
Türkiyə iqtisadi əməkdaşlığının yeni istiqamətlərini formalaşdırır. Azad edilmiş ərazilərdə ağıllı
şəhər və ağıllı kənd layihələrinin icrası, yol və enerji infrastrukturlarının qurulması, sənaye
müəssisələrinin yaradılması iki ölkənin şirkətləri üçün yeni imkanlar açır. Bu proses həm
bölgənin iqtisadi dirçəlişinə, həm də Azərbaycan-Türkiyə əməkdaşlığının daha da
dərinləşməsinə xidmət edir.
Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq davamlı şəkildə inkişaf edir. Müasir aqrar
texnologiyaların tətbiqi, təcrübə mübadiləsi, kənd təsərrüfatı məhsullarının ixracı və birgə
investisiya layihələri hər iki ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir.
Eyni zamanda sənaye parkları və iqtisadi zonalar çərçivəsində həyata keçirilən layihələr
iqtisadi inkişafın sürətlənməsinə şərait yaradır.
Turizm sahəsində əməkdaşlıq da iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır.
Azərbaycan və Türkiyə vətəndaşları arasında qarşılıqlı səfərlərin artması, turizm
infrastrukturunun inkişafı və birgə turizm layihələrinin həyata keçirilməsi hər iki ölkənin
iqtisadiyyatına əlavə gəlirlər qazandırır. Sadələşdirilmiş səyahət imkanları və dostluq
münasibətləri turizm əlaqələrinin genişlənməsini daha da sürətləndirir.
Zəngəzur dəhlizi layihəsi isə Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının gələcək inkişafında
xüsusi əhəmiyyətə malikdir. Bu dəhlizin reallaşması Azərbaycanla Türkiyə arasında birbaşa
quru əlaqəsinin yaranmasına, yükdaşımaların sürətlənməsinə, logistika xərclərinin azalmasına
və regionun tranzit potensialının artmasına səbəb olacaqdır. Zəngəzur dəhlizi yalnız iki ölkə
üçün deyil, bütövlükdə Türk dünyası və Avrasiya məkanında iqtisadi inteqrasiyanın
güclənməsi baxımından mühüm layihə hesab olunur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin,
təhlükəsizliyin və inkişafın əsas təminatçılarından biridir. İki qardaş ölkənin həyata keçirdiyi
iqtisadi layihələr təkcə milli maraqlara deyil, həm də regional və qlobal əməkdaşlığa xidmət
edir. Bu əməkdaşlıq modeli qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurulduğu
üçün uzunmüddətli və davamlı xarakter daşıyır.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına güclü
təkan verir, yeni investisiya imkanları yaradır, enerji və nəqliyyat təhlükəsizliyini
möhkəmləndirir, regionun iqtisadi potensialının genişlənməsinə xidmət edir. Bu gün “Bir millət,
iki dövlət” prinsipi təkcə siyasi şüar deyil, həm də uğurlu iqtisadi əməkdaşlığın və ortaq inkişaf
modelinin parlaq nümunəsidir. Azərbaycan və Türkiyə arasında mövcud olan strateji
müttəfiqlik gələcək illərdə də hər iki ölkənin tərəqqisinin və rifahının mühüm təminatlarından
biri olacaqdır.
İlham Həsənov,
Sabirabad RİH başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi