Azərbaycan investisiya üçün çox cəlbedici məkandır.
1xeber.media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumunun (PSF 2026) açılışında deyib.
“Biz ümumi dəyəri 4,7 milyard dolları ötən 32-dən çox saziş və Anlaşma Memorandumunun imzalanmasının şahidi olacağıq. Bu tədbirlər bu böyük illik toplantının yaddaqalan, maraqlı və məhsuldar olması məqsədilə böyük diqqət və peşəkarlıqla hazırlanıb. Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirir. 1992-ci ildə quruma üzv olduqdan sonra əməkdaşlığımız qarşılıqlı etimada, ortaq prioritetlərə və praktik nəticələrə əsaslanıb. Hər iki tərəf özəl sektorun inkişafına, ticarət maliyyələşdirilməsinə, infrastruktur layihələrinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, yaşıl keçidə və rəqəmsal transformasiyaya xüsusi önəm verir. Bu istiqamətlər, eyni zamanda Azərbaycanın milli iqtisadi inkişaf strategiyasının əsas prioritetləri sırasındadır", - deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, iqtisadiyyatın şaxələndirilməsi əsas strateji məqsədlərdən biri olaraq qalır: “Biz emal sənayesi, kənd təsərrüfatı və qida emalı, logistika, bərpaolunan enerji, rəqəmsal texnologiyalar və ixrac potensialına malik digər qeyri-neft sahələrində böyük imkanlar görürük. Azərbaycanın təqdim etdiyi imkanlarla İslam İnkişaf Bankı Qrupunun maliyyə alətləri və geniş tərəfdaşlıq şəbəkəsini birləşdirərək həm kommersiya baxımından səmərəli, həm də inkişafyönümlü layihələrin həyata keçirilməsini dəstəkləyə bilərik. Bu imkanları maliyyələşdirilə bilən konkret investisiya layihələrinə çevirmək üçün Azərbaycan geniş dəstək mexanizmləri təklif edir. Bunlara vergi və gömrük güzəştləri, investisiyaların qorunması, güzəştli maliyyələşdirmə imkanları, həmçinin sənaye parkları və Ələt Azad İqtisadi Zonası kimi investisiyaya hazır platformalar daxildir. Eyni zamanda, Azərbaycanın ən böyük yenidənqurma proqramının həyata keçirildiyi azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da mühüm investisiya imkanları mövcuddur. Orta Dəhliz üzərində strateji mövqedə yerləşən bu platformalar Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiyanı birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu daha da gücləndirir”.