Son günlər Bakıda fəaliyyət göstərən bəzi supermarket şəbəkələri "1 qəpiyə yumurta" satışı ilə gündəmə gəliblər.
Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu məhsulların keyfiyyəti ilə bağlı müxtəlif suallar yaranır: Doğrudanmı 1 qəpiyə satılan yumurta təbii məhsuldur? Yoxsa, bu yumurtalar süni şəkildə hazırlanır?
İqtisadi baxımdan hər hansı marketin yumurtanı 1 qəpiyə satması onun maya dəyərinin də 1 qəpik olması demək deyil. Bu, əsasən marketinq kampaniyası hesab olunur.
Supermarketlər müəyyən məhsulları zərərlə sataraq alıcı axınını artırmağa çalışırlar. Məqsəd müştərinin mağazaya daxil olduqdan sonra digər məhsulları da almasıdır. Ticarət sektorunda bu üsul "loss leader" modeli kimi tanınır. Lakin marketlərin eyni anda oxşar reklam kampaniyası aparması da məntiqə əsaslanmır.
1xeber.media xəbər verir ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, yoxlamalar zamanı sözügedən məhsullarda uyğunsuzluq aşkarlanmayıb:
"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.
Vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla bağlı konkret faktlarla "1003 - Çağrı Mərkəzi"nə müraciət edə bilərlər".
Süni yumurta haqqında iddialara gəlincə, Çində həqiqətən də süni yumurta istehsal edilən texnologiya mövcuddur. Bunun Azərbaycanda da tətbiq olunub-olunmadığı hələlik məlum deyil. Yəni Bakıdakı marketlərdə satılan 1 qəpiklik yumurtaların süni olması barədə iddiaları təsdiqləyən faktlar mövcud deyil.
"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi də məlumat yayaraq bu məsələyə aydınlıq gətirib:
"Ölkəmizə xaricdən ərzaqlıq yumurta idxal olunmur".
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan istehsalçıları yumurtaya olan daxili tələbatı artıqlaması ilə təmin edirlər:
"Ölkəmizdə yumurta istehsalı tələbatdan yüksək olduğuna görə son günlər qiymət düşməsini müşahidə edirik. Bu halda, xaricdən, özü də süni yumurtanın idxalı absurddur. O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satır? Sıfır qiymət ona görə deyirəm ki, idxal edilib pərakəndə satışa 1-3 qəpiyə çıxarılan yumurtanı pulsuz almalısan ki, satışa 1 və ya 3 qəpiyə çıxarasan. Azərbaycanın özündə isə süni yumurta istehsalı texnologiyası mövcud deyil.
Hesab edirik ki, belə iddialar məqsədyönlü şəkildə, sırf yerli quşçuluq təsərrüfatlarının işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə cəmiyyətə ötürülür. Təəssüf ki, bəzi KİV, saytlar da onu yayımlayır".
Mütəxəssislərin araşdırmaları göstərib ki, laboratoriya şəraitində yumurtaya bənzər məhsul hazırlamaq texniki cəhətdən mümkündür. Lakin bu proses həm mürəkkəb, həm də bahalıdır.
Paradoks ondadır ki, təbii yumurtanın özü kifayət qədər ucuz məhsuldur. Buna görə də böyük həcmdə süni yumurta istehsal edib bazara çıxarmaq iqtisadi baxımdan səmərəli hesab edilmir.
Məhz bu səbəbdən qlobal ərzaq təhlükəsizliyi təşkilatları və nəzarət qurumları bazarlarda geniş miqyasda süni yumurta satışını təsdiqləyən etibarlı sübutlar aşkar etməyiblər.
İstehlakçılar isə yumurtanın təzəliyini və keyfiyyətini sadə üsullarla yoxlaya bilərlər:
Öncə yumurta alarkən onun təzəliyini təsdiq edən etiketlərə diqqət yetirmək lazımdır;
Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir;
Yumurtaların üzərində yumurtlama tarixi göstərən ştamp vurulmalıdır;
Çatlaq və qırıq yumurtaları almaq olmaz. Çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir;
Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır;
Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir;
Ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir;
Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır;
Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır;
Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.