Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında qida mənşəli zəhərlənmə hallarının araşdırılması sahəsində təcrübə mübadiləsinə dair onlayn görüş keçirilib.
Bu barədə 1xeber.media-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə qida zəhərlənməsi hadisələrinin araşdırılmasına dair hüquqi baza, aidiyyəti qurumlar arasında koordinasiya, laborator analizlərin tətbiqi, yoxlama və nümunəgötürmə prosedurları, eləcə də qida mənşəli xəstəliklərin qeydiyyatı və hesabatlılığı məsələləri müzakirə olunub.
Türkiyəli mütəxəssislər qida zəhərlənməsi hallarının araşdırılması üzrə mövcud təcrübə və tətbiq olunan nəzarət mexanizmləri, eyni zamanda, yeni texniki imkanlar barədə məlumat veriblər. İki qurum arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.