Bu gün ölkəmizdə ən qürurverici, ən əlamətdar günlərdən biridir. Azərbaycanın Silahlı
Qüvvələr günüdür. İnanmıram ki, Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda
yaşayan soydaşlarımız, xüsusilə son illər bu günü bayram kimi qeyd etməsin, bir-birini təbrik
etməsin.
Milli silahlı qüvvələrin yaradılması prosesi ötən əsrin əvvəllərindən başlayıb. Öz
müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun
26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Lakin Xalq
Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə
Nazirliyinin, 1991-ci ilin sentyabrın 29-da isə Azərbaycan Respublikası Müdafiə Şurasının
yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti
tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında Qanun qəbul edilsə də, bu sahədə ayrı-ayrı
şəxslərin, qurumların, o cümlədən Milli Müdafiə Şurasının cəhdlərinə baxmayaraq respublika
rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi
yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Yalnız 1993-cü ildən
başlayaraq ordu quruculuğunda ciddi addımlar atıldı. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş
Komandanı kimi hərbi sahədə dirçəlişə nail ola bildi. Yerli özünümüdafiə və könüllü batalyonlar
adı altında fəaliyyət göstərən silahlı birləşmələr ləğv edilərək, vahid komandanlıq sistemində
təşkil olunan nizami ordu yaradıldı.
Məhz həmin vaxtdan başlayan ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan
İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ən müasir standartlara cavab verən hərbi
ləvazimatlarla, silah-sursatla təchiz edilməsi, savadlı, cəsarətli, vətənpərvər hərbi kadrların
yetişdirilməsi və sair sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Silahlı Qüvvələrinin
davamlı olaraq inkişaf etməsi onun regionun ən qüdrətli ordusuna çevrilməsi ilə nəticələndi.
Azərbaycan Silahlı Qüvvələrinin gücü, döyüş qabiliyyəti, əsgər və zabitlərinin
peşəkarlığı, onun ən müasir tələblərə cavab verən hərbi quruma çevrilməsi artıq bir danılmaz
fakt kimi 2020-ci il sentyabrın 27-dən başlayaraq, nəinki regionda, dünyanın hər yerində, ən
yüksək siyasi kürsülərdə, bizi sevən dostlarımızdan tutmuş, ən zalım düşmənlərimizə qədər
hər kəs tərəfindən də etiraf edilməyə başladı”.
Siyasi şərhçi əlavə edib ki, istənilən Ordunun ən müasir texnika ilə, silah-sursatla təmin
edilməsi, onun haqqında təriflər yağdırılması, müxtəlif epitetlərlə bəzədilməsi onun həqiqi
gücünü, döyüş qəbiliyyətinin yüksək olmasını sübuta yetirməyə kifayət etmir. Ordunun gücü,
onun döyüş qabiliyyətinin nümayiş etdirilməsi, həyata keçirdiyi əməliyyatlar, əldə etdiyi hərbi
uğurlar və qazandığı zəfərlərdir.
Bu mənada 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına və hərbi
təcavüzünə cavab olaraq, Azərbaycan Ordusunun başladığı əks hücum əməliyyatları, qısa
müddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etməsi faktı mühüm əhəmiyyət kəsb edir.
Silahlı qüvvələrimizin ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda
apardığı Vətən müharibəsi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına,
şəhidlərimizin qanı-canı bahasına, ölkəmizin suverenliyinin tam bərpa edilməsi, BMT
Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi və Ermənistanın
kapitulyasiyaya məcbur edilməsi ilə nəticələndi. Əlbəttə ki, bu hadisə həm də Azərbaycan
Silahlı Qüvvələrinin əslində nəyə qadir olmasının bütün dünyaya nümayişi idi. Ordumuz 44 gün
ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi, adını dünya hərb tarixinə qızıl
hərflərlə yazdı. Beynəlxalq aləm Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.
Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda
həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları, Ermənistan ordusunun tör-töküntülərinə
sarsıdıcı zərbə vurdu və əslində terror təşkilatı olan “Qarabağ özünümüdafiə ordusunu”
tamamilə məhv edərək kökünü birdəfəlik kəsdi. İllər boyu yalançı “qəhrəmanlığı”,
“məğlubedilməzliyi” ilə öyünən, bütün digər məsələlərdə olduğu kimi “Qalibiyyətli erməni
ordusu” mifi, nağılları da nağılbazlar üçün acı sonluqla bitdi. Tarix boyu “qəhrəmanlığını” yalnız
silahsız, mülki əhali üzərində nümayiş etdirən qəddar və xain düşmənin gücü və cəsarəti
qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa çatdı. Məhz uğurla başa çatan
bu əməliyyat nəticəsində ölkəmizin ərazisində erməni separatizminə də birdəfəlik son qoyuldu.
Azərbaycanın müzəffər Ordusunun 2020-ci ilin sentyabrın 27-də başlanmış mübarizəsi 2023-
cü ilin sentyabrında böyük zəfərlə yekunlaşdı. Silahlı qüvvələrimiz Vətənimizi qorumaq,
torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Əslində keçən əsrin 80-ci
illərin sonunda başlayaraq torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman
oğullarımızın, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.
Bu gün də Orduya diqqət və qayğının dövlətimizin əsas prioritetlərindən biridir.
Azərbaycan öz Ordusunu gücləndirməyə və hərbi potensialını artırmağa böyük önəm verir.
Məhz belə uğurlu siyasətin nəticəsi olaraq bu gün Qafqazda ən müasir, ən güclü və ən çevik
nizami ordu olan Azərbaycan Silahlı qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə,
Hərbi Dəniz və Quru qoşunları potensialı rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır.
İxtisaslaşmış beynəlxalq qurumlar, xarici hərbi ekspertlər də Azərbaycan Silahlı Qüvvələrinin
dünyanın ən güclüləri sırasında olduğunu etiraf edirlər.
Hazırda Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Əminik ki,
Cümhuriyyət ordusunun ənənələrini qoruyub saxlamaqla güclü bir orduya çevrilmiş
Azərbaycan Silahlı Qüvvələri, gündən-günə artan qüdrəti sayəsində Vətənimizin müdafiəsini
təmin etməyə və Ali Baş Komandanının bütün əmrlərini uğurla yerinə yetirməyə qadirdir.
Nurağa Rüstəmov,
Sabirabad RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə
iştirakçıları və Şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi