Вернуться назад Распечатать

Mərkəzi Gömrük Hospitalı ilə "PAŞA K" arasında 400 minlik müqavilə

Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinə məxsus Mərkəzi Hospital tərəfindən kardioloji tibbi sərf materiallarının satın alınması ilə bağlı tenderə yekun vurulub.

1xeber.media-nın  məlumatına görə, keçirilən satınalma prosedurunun qalibi "PAŞA-K” Firması seçilib. Tərəflər arasında imzalanacaq müqavilənin maliyyə dəyəri 400 858,7 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "PAŞA-K” Firması 8 fevral 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 138, mənzil 1-də yerləşir. Firmanın qanuni təmsilçisi Rzayev Elxan Abduləli oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında əlavə məlumatlara rast gəlinmir. 
"PAŞA-K” Firmasının adı müxtəlif dövrlərdə ictimai müzakirələrdə və şübhəli şirkətlər siyahısında hallanıb. Bir müddət əvvəl şirkətin keçmiş əməkdaşları - Babaş Babaşlı və Ülvi Babaşlı hüquq-mühafizə orqanlarına müraciət edərək işdən çıxarılmalarından sonra təhdid və təzyiqlərlə üzləşdiklərini iddia ediblər. 
Şikayətdə həmçinin şirkət daxilində xərclərin süni artırılması, məhsulların son istifadə tarixinin dəyişdirilməsi, uçotdan kənar satışlar və saxta qaimələrdən istifadə halları barədə iddialar yer alıb. Bundan əlavə, 2021-ci ildə şirkət əməkdaşlarından birinin COVİD-19-la bağlı saxta vaksin sertifikatlarının satışı ilə bağlı saxlanılması və  apteklərdə qiymət şişirdilməsi iddiaları da mətbuatda yer alıb.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya görə cari ilin əvvəlində "Paşa-K” Firması DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının 691 779,58 manatlıq tenderinin qalibi seçilib. Tender tibbi məhsulların satin alınması ilə bağlı keçirilib.  Ötən il isə şirkət DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının tibbi sərf mallarının satın alınması üçün keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 419 915,83 manat təşkil edib. 
qaynarinfo.az