Вернуться назад Распечатать

Mənzil alanlar diqqətli olsun! Yeni binalarla bağlı vacib açıqlama

Yeni tikilən yaşayış binalarında keyfiyyətlə bağlı problemlərin qısa müddətdə üzə çıxması son illər daha çox müzakirə olunan məsələlərdən biridir. Mənzillərdə divar çatları, su sızmaları, izolyasiya problemləri və digər tikinti qüsurları ilə bağlı şikayətlərin artması həm vətəndaşların narahatlığına, həm də tikinti sektorunda nəzarət mexanizmlərinin effektivliyinə dair suallar yaradır. Bəzi hallarda sürətli tikinti prosesi, keyfiyyətsiz materiallardan istifadə və nəzarətin zəif olması bu problemlərin əsas səbəbləri kimi göstərilir.

Bu barədə AQC İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc 1xeber.media-ya açıqlamasında danışıb.

O bildirib ki, yeni tikililərdə istifadə olunan müasir texnologiyalar və keyfiyyətli materiallar onların uzunmüddətli istismarını təmin etməlidir.

“Lakin praktikada bir çox hallarda bunun əksi müşahidə olunur və binalarda qısa müddətdən sonra müxtəlif texniki problemlər ortaya çıxır. Bunun əsas səbəblərindən biri normativlərə uyğun tikinti materiallarının seçilməməsidir. Bəzi hallarda daha ucuz, keyfiyyətsiz və standartlara cavab verməyən materiallardan istifadə olunur. Bu isə tikilinin davamlılığına və təhlükəsizliyinə birbaşa təsir göstərir.

Digər əsas problem isə tikintiyə nəzarətin zəif olmasıdır. Bu məsələ dəfələrlə gündəmə gətirilib. Tikinti prosesinə ciddi monitorinqlər aparılmalı, işin gedişatı mərhələli şəkildə izlənilməli və müvafiq rəylər verilməlidir. Xüsusilə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları bu istiqamətdə daha ciddi fəaliyyət göstərməlidir. Təəssüf ki, bütün tikinti layihələrində bu nəzarət lazımi səviyyədə həyata keçirilmir və nəticədə sonradan ciddi problemlər meydana çıxır.

Azərbaycanda aparılan söküntü işləri də mənzil bazarında tələbin artmasına səbəb olur. Tələb yüksəldiyi üçün bəzi tikinti şirkətləri layihələri daha qısa müddətdə başa çatdırmağa çalışırlar. Bu zaman isə vacib texnoloji prosedurlara tam əməl olunmur. Məsələn, beton vurulduqdan sonra onun tam bərkiməsi üçün tələb olunan vaxt gözlənilmir və ya texniki mərhələlər arasında lazımi fasilələr verilmir. Nəticədə bina istifadəyə verilsə də, onun keyfiyyəti və davamlılığı zəif olur”.

İqtisadçı qeyd edib ki, problemin kökü bəzi hallarda tikinti başlamamış mərhələyə qədər gedib çıxır.

“Qanunvericiliyə və normativ tələblərə əsasən, hər hansı ərazidə tikinti aparılmazdan əvvəl geoloji və hidroloji araşdırmalar mütləq həyata keçirilməlidir. Ərazi ilə bağlı müvafiq rəy verildikdən sonra tikinti işlərinə başlanmalıdır. Lakin bir çox hallarda bu araşdırmalar ya ümumiyyətlə aparılmır, ya da formal xarakter daşıyır.

Məsələn, bina tikildikdən sonra zirzəminin su ilə dolması həmin ərazidə hidroloji problemlərin əvvəlcədən araşdırılmadığını göstərir. Sürüşmə riski olan ərazilərdə kifayət qədər geoloji tədqiqat aparılmadıqda sonradan ciddi təhlükələr ortaya çıxır.

Bu problemlərin qarşısını almaq üçün tikintinin bütün mərhələləri layihələndirmədən başlayaraq tikinti başa çatana qədər normativlərə uyğun şəkildə həyata keçirilməlidir. Bunun üçün isə ciddi monitorinq mexanizmlərinin tətbiqi və nəzarətin gücləndirilməsi vacib hesab olunur. Aidiyyəti qurumlar mövcud olsa da, hələ də ciddi problemlərin qalması bu sahədə nəzarət mexanizmlərinin daha da aktivləşdirilməsini zəruri edir.”

Aysel Muxtar

1xeber.media