Lənkəranın Gərmətük qəsəbəsində uzun illər fəaliyyət göstərən məşhur “Əzizə” restoranı və ona daxil olan obyektlər hərraca çıxarılıb. 0,56 hektar torpaq sahəsi və həmin ərazidə yerləşən qeyri-yaşayış obyektləri daşınar əşyalarla birlikdə 5,3 milyon manat qiymətlə satışa təqdim olunub.
1xeber.media xəbər verir ki, məsələ ilə bağlı restoranın sahibi olduğunu bildirən Eldar Məmmədov açıqlama verərək hərracın ailədaxili əmlak mübahisəsinin nəticəsi olduğunu iddia edib.
Onun sözlərinə görə, 33 il Qazaxıstanda çalışaraq qazandığı vəsait hesabına restoranı inşa etdirib. Qazaxıstan vətəndaşı olduğu üçün torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədiyini, bu səbəbdən qardaşı Elman Məmmədova etibar etdiyini bildirib.
Eldar Məmmədov iddia edir ki, sonradan ailə üzvləri ilə aralarında ciddi əmlak mübahisəsi yaranıb. O, restoranın uzun illər gəlir əldə etməsinə baxmayaraq, gəlirlərin ondan gizlədildiyini, nəticədə milyonlarla manat ziyana düşdüyünü və bu prosesin sağlamlığına da mənfi təsir göstərdiyini deyib.
Məmmədov bildirib ki, məhkəmələrdə müəyyən uğurlar qazansa da, son qərarla əmlakın hərrac yolu ilə bölünməsi nəzərdə tutulub. O, anasının adını daşıyan “Əzizə” restoranının satılmasını istəmədiyini vurğulayıb.
Qeyd edək ki, sözügedən obyekt üzrə hərracın 13 iyul tarixində keçirilməsi planlaşdırılır.