İyulun 1-dən 8-dək müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Belə ki, hər il minlərlə namizədin iştirak etdiyi müsabiqə ərəfəsində ən çox maraq doğuran məsələlərdən biri də müəllimlərin əməkhaqqının necə formalaşmasıdır. MİQ imtahanından uğurla keçərək işə qəbul olunan müəllimlərin maaşının hansı meyarlar əsasında müəyyənləşdirildiyi, Bakı və regionlarda çalışan müəllimlər arasında əməkhaqqı fərqinin olub-olmaması, eləcə də sertifikasiya nəticələri və dərs yükünün maaşa təsiri müzakirə olunan əsas mövzulardandır.
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı Modern.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsi yalnız işə qəbul xarakteri daşıyır.
Onun sözlərinə görə, bu proses ya müəllim namizədinin təklif olunan vakant yerə yerləşdirilməsi, ya da hazırda müəllim kimi çalışan, lakin iş yerini dəyişməkdə maraqlı olan təhsilverənin digər vakant yerə iddiası əsasında həyata keçirilir:
"MİQ müsabiqəsində uğurlu nəticə göstərmək müəllimin maaş artımına birbaşa təsir etmir. Burada başqa bir məqam ortaya çıxa bilər. Bəzən sual yaranır ki, “MİQ-dən keçən və maaşında artım olan müəllimlər varmı?” Bəli, belə hallar ola bilər. Lakin bu, rəsmi və mərkəzləşdirilmiş qayda əsasında baş vermir.
Məsələn, hansısa məktəbdə MİQ müsabiqəsində yüksək nəticə göstərən müəllimə müəyyən fənn üzrə daha çox dərs saatı verilə bilər. Təhsil sistemində isə dərs saatının çoxluğu maaş artımı deməkdir. Müəllim nə qədər çox dərs deyirsə, aylıq əməkhaqqı da buna uyğun formalaşır. Bu, diferensial əməkhaqqı sistemidir.
Yəni MİQ, sertifikatlaşdırmadan fərqli olaraq, müəllimin maaşına birbaşa təsir göstərmir. Amma dolayısı ilə belə təsir mümkündür".
Tədqiqatçı eyni zamanda Bakı şəhəri və regionlarda fəaliyyət göstərən müəllimlərin maaşları arasındakı fərq məsələsinə də aydınlıq gətirib:
"Bakı şəhəri və regionlarda fəaliyyət göstərən müəllimlərin maaşları arasında fərq məsələsinə gəlincə, ümumilikdə bir təhsilverənin aylıq əməkhaqqı iki əsas amil üzrə müəyyənləşir. Birincisi, müəllimlərin sertifikatlaşdırılmasında göstərdiyi nəticə, ikincisi isə onun çalışdığı orta ümumi təhsil müəssisəsində malik olduğu aylıq dərs saatı.
Burada məkan fərqi, yəni rayon, kənd, iri şəhər və ya əyalət kəndi kimi bölgü əsas götürülmür. Sadəcə, müəyyən həvəsləndirmə mexanizmləri mövcuddur. Rayon mərkəzindən 10 kilometrədək uzaqlıqda yerləşən məktəbdə çalışan gənc müəllimlərə H1, 20 kilometrdən artıq məsafədə yerləşən məktəbdə çalışanlara isə H2 həvəsləndirməsi verilir. Bu imtiyaz yalnız 35 yaşına qədər olan müəllimlər üçün nəzərdə tutulur".
E.Nuri onu da əlavə edib ki, digər hallarda rayon və kənd müəllimlərinin maaşları arasında ciddi fərq olmur:
"Əgər fərq varsa, bu, müəllimin kənddə və ya şəhərdə işləməsi ilə deyil, əsasən dərs saatının həcmi ilə bağlıdır.
Sertifikatlaşdırma nəticələri müəllimlərin maaşına birbaşa təsir edir. Sertifikatlaşdırmada 31 baldan yuxarı nəticə göstərən müəllimlərin əməkhaqqına 10 faiz, 51 baldan yuxarı nəticə göstərənlərin əməkhaqqına isə 35 faiz əlavə olunur. Bu baxımdan sertifikatlaşdırma müəllimlərin maaş artımına birbaşa təsir edən mexanizmdir".
O həmçinin vurğulayıb ki, dərs yükü də əməkhaqqının formalaşmasında əsas amillərdən biridir:
"Nümunə olaraq, müəllimin aylıq 18 saat dərs yükü varsa, maaşı buna uyğun hesablanır. Əgər 30 saat dərs yükü varsa, əməkhaqqı da həmin yükə uyğun formalaşır.
Hazırkı maaş sisteminin gənclərin müəllimlik peşəsinə marağı baxımından kifayət qədər motivasiya yaradıb-yaratmadığı məsələsinə gəlincə, düşünürəm ki, bu sistem müəyyən mənada motivasiya yaradır. Doğrudur, cəmiyyətdə maaş məsələsi müzakirə olunanda ən çox müəllimlərin əməkhaqqı qabardılır. Amma vəziyyətə ümumi yanaşanda bunu tamamilə problemli sahə kimi təqdim etmək doğru olmaz.
Əlbəttə, diferensial bölgü var, dərs saatına görə qiymətləndirmə mexanizmi mövcuddur. Təbii ki, həftəlik cəmi 6 saat dərs deyən müəllimin əməkhaqqı yüksək olmayacaq. Amma burada əsas sual ondan ibarətdir ki, müəllimlərin nə qədəri cəmi 6 saat dərs yükü ilə məktəbə gedir? Bu, çox az bir qismə aiddir.
Ümumilikdə götürdükdə, müəllimlərin maaş məsələsi ciddi və qlobal problem kimi dəyərləndirilməməlidir. Doğrudur, əməkhaqqı səviyyəsinin daha da artırılması arzuolunandır, lakin çox da yüksək bir problem deyil", - deyə E.Nuri qeyd edib.