Son illər rəsmi əmək müqaviləsi olmadan çalışan, sərbəst fəaliyyət göstərən və qeyri-rəsmi gəlir əldə edən şəxslərin sayı artıb. Bu isə bank kreditlərinə çıxış imkanları ilə bağlı sualları gündəmə gətirir. Bir çox vətəndaş iş yeri arayışı olmadan kredit götürməyin mümkün olub-olmaması ilə maraqlanır.
Mövzu ilə bağlı bank mütəxəssisi Emin Kərimov 1xeber.media-ya açıqlamasında bildirib ki, Mərkəzi Bankın tələblərinə əsasən, təminatsız istehlak krediti almaq istəyən hər bir şəxs gəlir mənbəyini təsdiqləyən sənəd təqdim etməlidir.
Onun sözlərinə görə, bu sənədlərə iş yerindən arayış, əməkhaqqı kartının hesab çıxarışı və digər gəliri təsdiq edən sənədlər daxildir. Rəsmi gəliri təsdiqlənən şəxslər üçün kredit almaq daha asan olsa da, qeyri-rəsmi gəlir əldə edən şəxslər üçün alternativ yol mövcuddur.
Ekspert bildirib ki, belə hallarda təminatlı kreditlərdən istifadə etmək mümkündür. Ən geniş yayılmış variant isə qızıl-zinət əşyalarının girov qoyulmasıdır.
“Şəxslər qızıl-zinət əşyalarını girov qoyaraq kredit əldə edə bilirlər. Kreditin məbləği qızılın əyarı, çəkisi və bazar dəyərinə uyğun müəyyən edilir. Əksər hallarda girovun dəyərinin 80-90 faizi, bəzi hallarda isə 100 faizinədək kredit almaq mümkündür. Bu zaman iş yerindən arayış tələb olunmur və kredit yalnız şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirilir”, – deyə Emin Kərimov bildirib.
Onun sözlərinə görə, kredit müddəti başa çatdıqdan sonra borc vaxtında ödənilərsə, girov qoyulan qızıl sahibinə geri qaytarılır. Gecikmə baş verdiyi halda isə girov satılaraq kredit borcu bağlanır.
Ekspert qeyd edib ki, gəlirin təsdiqlənməsi tələbi maliyyə risklərinin azaldılması ilə yanaşı, sahibkarlıq fəaliyyətinin leqallaşdırılmasına da stimul verir. O bildirib ki, rəsmi iş yeri olmayan sahibkarlar fəaliyyətlərini qanuniləşdirməklə bank xidmətlərinə daha rahat çıxış əldə edə bilərlər.
Emin Kərimov əlavə edib ki, təqaüdçülər, evdar xanımlar və ya əməkhaqqısı kredit limiti üçün kifayət etməyən şəxslər də qızıl-zinət əşyalarını girov qoyaraq təminatlı kredit ala bilərlər. Həmçinin təminatsız kredit limitini istifadə etmiş şəxslər üçün də girov əsasında yeni kredit əldə etmək mümkündür.
Aysel Timur
1xeber.media