“Sağlam Ailə” Tibb Mərkəzinin rəhbəri Vədiyə Ələkbərzadənin beynəlxalq nəşrdə dərc olunan məqaləsi rəqəmsal səhiyyədə insan amilinin vacibliyini ön plana çıxarır.
1xeber.media xəbər verir ki, “Sağlam Ailə” Tibb Mərkəzinin rəhbəri, süni intellekt və insan hüquqları üzrə tədqiqatçı Vədiyə Ələkbərzadənin müəllifi olduğu məqalə beynəlxalq nəşrdə dərc olunub.
“Səhiyyənin gələcəyini insan hüquqları və etimad formalaşdırmalıdır” adlı məqalədə müəllif süni intellekt texnologiyalarının səhiyyə sahəsində yaratdığı imkanlardan bəhs etməklə yanaşı, bu inkişafın insan hüquqları, şəffaflıq və ictimai etimad prinsipləri əsasında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Vədiyə Ələkbərzadə qeyd edib ki, süni intellekt diaqnostika, erkən xəstəliklərin aşkarlanması, pasiyent axınının idarə olunması və inzibati proseslərin optimallaşdırılması kimi sahələrdə mühüm üstünlüklər yaradır. Bununla yanaşı, tibbi qərarların qəbulunda insan məsuliyyəti, etik prinsiplər və peşəkar nəzarət əsas rolunu qoruyub saxlamalıdır.
Məqalədə vurğulanır ki, rəqəmsal səhiyyə sistemləri həm pasiyentlərin hüquqlarını, həm də tibb işçilərinin peşəkar müstəqilliyini qorumağa xidmət etməlidir. Pasiyent məxfiliyi, səhiyyə xidmətlərinə bərabər çıxış imkanları, alqoritmik ayrı-seçkiliyin qarşısının alınması və hüquqi məsuliyyət gələcəyin səhiyyə modelinin əsas prinsipləri kimi göstərilir.
Müəllif hesab edir ki, texnologiya insanı əvəz etmək üçün deyil, həkimlərin fəaliyyətini dəstəkləmək, qərarvermə prosesini daha səmərəli etmək və səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltmək üçün tətbiq olunmalıdır.
Vədiyə Ələkbərzadənin fikrincə, gələcəyin səhiyyəsi insan və texnologiyanın rəqabəti üzərində deyil, onların qarşılıqlı əməkdaşlığı, etik dəyərlər və ictimai etimad əsasında qurulmalıdır. Bu yanaşma həm pasiyent hüquqlarının qorunmasına, həm də səhiyyə sisteminin dayanıqlı inkişafına mühüm töhfə verə bilər.