Yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmə hökmündən sonra zərərçəkmiş tərəfin ailəsi barışıq iddialarına münasibət bildirib.
1xeber.media xəbər verir ki, sosial şəbəkələrdə yayılan açıqlamada məhkəmə qərarından sonra müxtəlif şəxslərin ailə ilə əlaqə saxlayaraq barışıq təklif etdiyi, hətta evlərinə gələrək vasitəçilik etməyə çalışdığı qeyd olunub.
Ailə bu cəhdləri qəti şəkildə rədd etdiyini bildirərək bəyan edib ki, onların mövqeyi dəyişməz olaraq qalır.
Açıqlamada deyilir:
“Heç bir barışıq olmayacaq. Heç kim ailəmizə və yaxınlarımıza bu məqsədlə müraciət etməsin. Qəza və sonrakı təhqirlərdən sonra bu artıq mümkün deyil. Fikrimiz dəyişməyəcək.”
Bildirilib ki, mərhumun anasının səhhəti ağır olaraq qalır və ailə ictimaiyyətdən onların acısına hörmətlə yanaşmağı, əsassız müraciətlərlə narahat etməməyi xahiş edir.
Bundan əlavə, yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə hökmün sərtləşdirilməsi ilə bağlı şikayət veriləcəyi və hüquqi mübarizənin sona qədər davam etdiriləcəyi vurğulanıb.
Qeyd edək ki, bu məlumat ailə adından sosial şəbəkələrdə yayılan paylaşım əsasında hazırlanıb. Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı əlavə açıqlama verilməyib.