Вернуться назад Распечатать

İsraildə konstitusiya böhranı dərinləşir: Hökumət Ali Məhkəmənin qərarını tanımayacağını açıqladı

 İsraildə hökumətlə məhkəmə hakimiyyəti arasında gərginlik yeni mərhələyə keçib. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabineti ölkənin televiziya və radio yayımına nəzarət edən qurumla bağlı Ali Məhkəmənin qərarını tanımayacağını bəyan edib. Bu addım ölkədə mümkün konstitusiya böhranı ilə bağlı narahatlıqları daha da artırıb.  

1xeber.media xəbər verir ki, mübahisə İsrailin Televiziya və Radio üzrə İkinci İdarəsi ətrafında yaranıb. Hökumət bildirir ki, qurumun fəaliyyət göstərməsi üçün qanunla tələb olunan minimum üzv sayı yoxdur və bu səbəbdən onun qəbul etdiyi qərarlar hüquqi qüvvəyə malik sayıla bilməz. Lakin Ali Məhkəmə iyunun 17-də çıxardığı qərarla tənzimləyici qurumun fəaliyyətini davam etdirməsinə icazə verib.  

Buna baxmayaraq, Nazirlər Kabineti yekdilliklə qəbul etdiyi qərarda məhkəmənin mövqeyini qəbul etməyəcəyini açıqlayıb. Rabitə naziri Şlomo Karhi və ədliyyə naziri Yariv Levin məhkəmənin səlahiyyət həddini aşdığını iddia edərək bildiriblər ki, qanuna zidd hesab etdikləri qərarları hüquqi baxımdan etibarlı saymayacaqlar.  

Hökumətin bu addımı ölkə daxilində sərt reaksiyalara səbəb olub. Müxalifət lideri Yair Lapid bunu “İsrail demokratiyasına ən ciddi təhdidlərdən biri” adlandırıb. Keçmiş baş nazir Naftali Bennet isə məhkəmə qərarlarına əməl edilməməsinin ölkəni hüquqi xaosa sürükləyə biləcəyi barədə xəbərdarlıq edib. Prezident İsxak Hersoq da Ali Məhkəmə qərarlarının icrasının hüquqi dövlət prinsipinin əsas şərtlərindən biri olduğunu vurğulayıb.  

Analitiklərin fikrincə, yaranmış vəziyyət təkcə məhkəmə-hökumət qarşıdurması ilə məhdudlaşmır. Mübahisənin ölkənin aparıcı televiziya kanallarının gələcək fəaliyyəti və media bazarında gözlənilən dəyişikliklərə də təsir göstərə biləcəyi bildirilir. Ekspertlər hesab edirlər ki, bu hadisə İsraildə son illərin ən ciddi institusional qarşıdurmalarından biri kimi tarixə düşə bilər.