Вернуться назад Распечатать

NATO sammiti öncəsi Kiyevə kütləvi hücum – Zelenski müttəfiqlərə çağırış etdi

Rusiya NATO sammiti ərəfəsində Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib.

1xeber.media xəbər verir ki, hücum nəticəsində azı 20-dən çox insan həlak olub, onlarla sakin yaralanıb. Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya gecə saatlarında 68 raket və 351 pilotsuz uçuş aparatı ilə hücum təşkil edib.  

Məlumata əsasən, zərbələr nəticəsində yaşayış binaları, mülki infrastruktur və digər obyektlərə ciddi ziyan dəyib. Ukrayna hava hücumundan müdafiə qüvvələri çoxsaylı dronları zərərsizləşdirsə də, ballistik raketlərin əksəriyyətini vurmaq mümkün olmayıb.  

Ukrayna Prezidenti Volodimir Zelenski baş verən hücumdan sonra NATO üzvü ölkələrə müraciət edərək, hava hücumundan müdafiə sistemlərinin, xüsusilə də Patriot kompleksləri üçün raket ehtiyatlarının artırılmasını istəyib. O bildirib ki, müttəfiqlər Ankarada keçiriləcək NATO sammitində Ukraynanın müdafiəsinin gücləndirilməsi ilə bağlı qəti qərarlar qəbul etməlidirlər.  

Hücumun NATO liderlərinin Türkiyədə keçiriləcək sammitindən bir gün əvvəl baş verməsi diqqət çəkir. Analitiklərin fikrincə, Moskva bununla həm Ukraynaya, həm də Qərbə siyasi və hərbi mesaj verməyə çalışır. Sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Volodimir Zelenskinin də görüşü gözlənilir və Ukraynaya yeni hərbi dəstək paketlərinin müzakirə ediləcəyi bildirilir.