Baş katib Antonio Quterreş bildirib ki, süni intellektin inkişafı nəzarət mexanizmlərini geridə qoyur və xüsusilə uşaqların qorunması üçün qlobal əməkdaşlıq vacibdir.
1xeber.media xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş süni intellekt texnologiyalarının inkişaf sürətinin mövcud hüquqi və tənzimləyici mexanizmləri geridə qoyduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və vahid yanaşmanın formalaşdırılması artıq təxirəsalınmaz məsələyə çevrilib.
Quterreş xüsusilə uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayaraq, süni intellektdən istifadə zamanı etik normaların və təhlükəsizlik standartlarının hazırlanmasının zəruri olduğunu qeyd edib.
Eyni zamanda, BMT yanında fəaliyyət göstərən müstəqil ekspertlər hazırladıqları hesabatda süni intellektin iqtisadiyyat, elm və səhiyyə üçün böyük imkanlar yaratdığını, lakin nəzarətsiz inkişafın ciddi və uzunmüddətli risklər doğura biləcəyini bildiriblər.
Bu məsələ iyulun 6–7-də Cenevrədə keçirilən BMT-nin süni intellekt üzrə qlobal dialoqunun əsas mövzularından biri olub.