Rusiya-Ukrayna müharibəsində son günlər müşahidə olunan hadisələr münaqişənin daha təhlükəli mərhələyə keçdiyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Rusiyanın hücum taktikasında baş verən dəyişikliklər, raket və pilotsuz uçuş aparatlarından istifadənin artması, eləcə də cəbhə xəttində döyüşlərin intensivləşməsi müharibənin yeni mərhələyə keçdiyi barədə fikirləri gücləndirir. Bəs döyüş meydanında baş verən bu dəyişikliklər nədən xəbər verir və qarşıdakı dövrdə müharibənin gedişinə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı politoloq Ramiyə Məmmədova 1xeber.media-ya açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq yeni və daha genişmiqyaslı mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, hazırda hər iki tərəfin daha qətiyyətli hərbi addımlar atdığı müşahidə olunur.
“Döyüşlər artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır, paytaxtlara qədər yayılıb. Enerji infrastrukturu, istehsal müəssisələri və yaşayış obyektləri hədəfə alınır. Bu isə müharibənin miqyasının daha da genişləndiyini və qarşıdurmanın getdikcə daha təhlükəli xarakter aldığını göstərir. Baş verənlər onu deməyə əsas verir ki, müharibə səngimək əvəzinə daha da qızışır.
Danışıqlar prosesinə gəldikdə isə indiyədək keçirilən görüşlərin, o cümlədən İstanbul danışıqlarının nəzərəçarpacaq nəticə vermədiyini görürük. ABŞ Prezidenti Donald Tramp da bu müharibənin qısa müddətdə başa çatmasının mümkün olmadığını açıq şəkildə bildirib. Hazırda ABŞ daha çox Rusiya Prezidenti Vladimir Putinlə təmaslara üstünlük verir. Eyni zamanda, Ukraynanın geri çəkilmək niyyətində olmadığı görünür. Bu səbəbdən müxtəlif diplomatik kanallar vasitəsilə Kiyevin müəyyən güzəştlərə razı salınmasına cəhdlər edilir. Çünki mövcud şəraitdə müharibə uzandıqca onun nə vaxt başa çatacağını proqnozlaşdırmaq daha da çətinləşir”.
Politoloq qeyd edib ki, münaqişənin regiona və bütövlükdə dünya iqtisadiyyatına təsiri də getdikcə dərinləşir.
“Müharibə iqtisadi, siyasi və təhlükəsizlik baxımından ciddi nəticələr doğurur. Logistika zəncirlərində problemlər yaranır, nəqliyyat infrastrukturu zərər görür, enerji bazarında qeyri-müəyyənlik artır, qiymətlər yüksəlir. Bu prosesdən müəyyən ölkələr, o cümlədən ABŞ iqtisadi baxımdan müəyyən üstünlüklər əldə etsə də, ümumilikdə dünya bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. Enerji resursları və bəzi məhsullar üzrə çatışmazlıqlar yaranır ki, bu da bir çox ölkənin iqtisadiyyatına mənfi təsir göstərir.
Ümumilikdə, mövcud vəziyyət göstərir ki, müharibə genişlənməkdə davam edir və yaxın perspektivdə onun zəifləyəcəyinə dair ciddi əlamətlər görünmür. Qarşıdurma elə bir mərhələyə çatıb ki, müharibənin başa çatması üçün tərəflərdən birinin geri addım atması zəruridir. Hazırkı mənzərə isə Rusiyanın belə bir niyyət nümayiş etdirmədiyini göstərir. Bu baxımdan ya Ukrayna müəyyən siyasi razılaşmalara getməli, ya da müharibəni davam etdirməlidir. Lakin qarşıdurma uzandıqca hər iki tərəfin hərbi, iqtisadi və insan resurslarının tükənməsi riski də artır.”
Aysel
1xeber.media