Вернуться назад Распечатать

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

Naxçıvan Muxtar Respublikası ilə Bakı  arasında yeganə nəqliyyat dəhlizi olan hava əlaqəsində son aylarda ciddi fasilələr, reyslərin kütləvi şəkildə təxirə salınması və ləğv olunması halları müşahidə edilir. Statistikaya nəzər saldıqda, bu il ötən illərlə müqayisədə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların daha çox ləğv edildiyi görünür.

1xeber.media  xəbər verir ki, Modern.az reyslərin ləğvetmə halları ilə bağlı "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb. Qurumdan cavab olaraq bildirilib ki, reyslərin builki intensiv ləğvi birbaşa sərnişin və ekipajın təhlükəsizliyini qorumaq məqsədi daşıyır:

"Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və mürəkkəb dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa və kəskin təsir göstərir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi (külək kəsilməsi) və ildırım aktivliyi təyyarələrin eniş və qalxma mərhələlərində əlavə və ciddi risklər yaradır". 

Mətbuat xidməti sərnişinlər arasında yaranan bəzi yanlış anlaşılmalara da aydınlıq gətirib:

"Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin yerdə – hava limanında müşahidə etdiyi vizual görüntüyə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, həmçinin qalxma və enmə hava limanlarında mövcud olan və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir.

Məsələn, yerdən baxdıqda hava təmiz və aydın görünə bilər. Lakin yuxarı qatlarda mövcud olan ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı və ya tufan buludları yer səviyyəsindən aydın seçilmir. Bu faktorlar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratdığından, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq reysləri ləğv etmək məcburiyyətində qalırlar."

AZAL rəsmiləri bəyan ediblər ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipaj üzvlərinin həyatını riskə atmamaq şərti ilə, yalnız beynəlxalq mülki aviasiya normalarına əsaslanaraq qəbul edir.