İki Od Arasında: Əmək Bazarının Görünməyən Yaş Səddi
Bu gün medianın və sosial platformaların gündəmində tez-tez bir mövzuya rast gəlirik: əmək bazarının gəncləşməsi. Əlbəttə, gənc kadrlara meydan verilməsi, innovativ idarəetmə müsbət tendensiyadır. Lakin bu gedişatın pərdəarxasında qalan, səssizcə böyüyən başqa bir sosial reallıq da var. Bu, nə pensiya yaşına çatan, nə də işəgötürənlər tərəfindən "gənc" qəbul edilən aralıq nəslin mövzusudur.
Məsələnin görünən tərəfi sadədir. Hüquqi tənzimləmələrə əsasən, pensiya təminatı üçün konkret yaş hədləri mövcuddur. Vətəndaş bu yaşa qədər əmək bazarında aktiv olmalı, işləməli və cəmiyyətə fayda verməlidir. Bu, sistemin təbii işləmə mexanizmidir. Bəs real praktikada nə baş verir?Təcrübə göstərir ki, xüsusilə özəl sektorda kadr siyasəti tamamilə gəncləşmə trendinə köklənib. Vakansiyaların əksəriyyətində yaş məhdudiyyətləri rəsmi və ya qeyri-rəsmi şəkildə özünü büruzə verir.
Müəyyən yaşın üzərində olan təcrübəli mütəxəssislər iş müraciəti edərkən çox vaxt eyni standart cavabla qarşılaşırlar: "Bizə daha dinamik, gənc komanda lazımdır".Burada ciddi bir təzad yaranır. Qanunvericilik baxımından bu insanlar hələ "gənc və işlək" sayılır, çünki pensiya yaşları çatmayıb. İşəgötürənlərin yanaşmasında isə onlar artıq "yaşlı" kateqoriyasındadırlar. Nəticədə, bu kontingent sanki iki od arasında qalır: pensiya almaq üçün "gənc", yenidən işə düzəlmək üçün isə "qoca" hesab olunurlar.Bu vəziyyət sadə bir iş tapmaq problemindən daha dərindir. Bu, əmək bazarındakı disbalansın göstəricisidir. İllərini müəyyən sahəyə vermiş, institusional yaddaşa və böyük təcrübəyə malik insanların kənarda qalması bütövlükdə iş dünyası üçün də itkidir.
Çünki gəncliyin gətirdiyi dinamizm nə qədər önəmlidirsə, yaşın gətirdiyi soyuqqanlı təcrübə də bir o qədər vacibdir.Problemin həlli dövlət tənzimləmələrində deyil, birbaşa işəgötürənlərin kadr fəlsəfəsini dəyişməsindədir. Müasir əmək bazarında dayanıqlıq qazanmaq üçün yaş ssenarilərinə yenidən baxılmalıdır. Gənclərin enerjisi ilə orta yaş nəslinin təcrübəsini sintez edən balanslı bir sistem qurulmadıqca, bu sosial təzad gündəmdə qalmağa davam edəcək.
Aidə Tofiqqızı
1xeber.media