Вернуться назад Распечатать

Rusiyaya gecə hücumunun təfərrüatları açıqlanıb

1xeber.media xəbər verir ki, iyulun 11-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinə bir neçə dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd edib. Hücum zamanı müxtəlif təyinatlı dörd gəmi də hədəfə alınıb.

Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində texniki təyinatlı gəmidə çalışan bir dənizçi həyatını itirib.

“Faciə baş verib – texniki gəminin matrosu həlak olub. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Digər xəsarət alan yoxdur”, – deyə Slyusar bildirib.

Qubernator əlavə edib ki, metanol daşıyan bir tanker də hücuma məruz qalıb. Lakin metanolun sızması və ya ətrafa yayılması ilə bağlı təhlükənin olmadığı qeyd edilib.

Məlumata görə, Taqanroq şəhəri, eləcə də Azov və Neklinov rayonlarının səmasında hava hücumundan müdafiə qüvvələri 15-dən çox pilotsuz uçuş aparatını məhv edib.

Bundan əvvəl Rusiya tərəfi Silahlı Qüvvələrinin Kiyevə zərbələr endirdiyini, o cümlədən enerji infrastrukturu obyektlərinin hədəfə alındığını bildirmişdi.

Qeyd: Müharibə şəraitində tərəflərin yaydığı məlumatları müstəqil mənbələr vasitəsilə operativ şəkildə təsdiqləmək həmişə mümkün olmur.