Вернуться назад Распечатать

Zelenski “İsgəndər” raket zərbələri ilə bağlı açıqlama verdi

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 11-nə keçən gecə Rusiyanın həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları hücumu ilə bağlı açıqlama verib.

Zelenskinin sözlərinə görə, Rusiya gecə ərzində Ukraynaya 120-dən çox pilotsuz uçuş aparatı və 12 raket buraxıb. O bildirib ki, raketlərin yarısı ballistik olub.

“Rusiya bu gecə ərzində 120-dən çox dron və 12 raketdən istifadə edib. Onların yarısı ballistik raketlər idi. Müdafiəçilərimiz hədəflərin əksəriyyətini məhv etməyə nail olsalar da, ballistik raketləri vurmaq mümkün olmayıb”, – deyə Ukrayna lideri bildirib.

Prezident Qərb tərəfdaşlarını Ukrayna üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin yaradılması və tədarükü istiqamətində daha fəal addımlar atmağa çağırıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri də iyulun 11-nə keçən gecə baş verən hücum zamanı “İskəndər-M” tipli ballistik raketlərdən heç birinin vurulmadığını təsdiqləyib. Qurumun səhər yaydığı operativ məlumata əsasən, Rusiya qüvvələri hücum zamanı ümumilikdə altı “İskəndər-M” ballistik raketindən istifadə edib.