Вернуться назад Распечатать

Moldova ilk dəfə “Könüllülər Koalisiyası”nın sammitində təmsil olunacaq

1xeber.media xəbər verir ki, Moldova Prezidenti Maya Sandu iyulun 13-də Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə Ukraynaya dəstək məqsədilə yaradılmış “Könüllülər Koalisiyası”nın iclasında iştirak edəcək.

Moldova Prezident Administrasiyasının məlumatına görə, ölkə bu qeyri-rəsmi formatın görüşünə ilk dəfə qatılır. Rəsmi Kişinyov bildirib ki, Moldovanın koalisiyada iştirakı ölkənin Ukraynaya göstərdiyi dəstəyin məntiqi davamıdır və bu, konstitusiyada təsbit olunmuş neytrallıq prinsipinə zidd deyil.

Administrasiyada qeyd olunub ki, koalisiya çevik əməkdaşlıq formatıdır və onun tərkibində digər neytral Avropa dövlətləri də yer alır. Hər bir iştirakçı ölkə öz töhfəsinin forma və miqyasını müstəqil şəkildə müəyyənləşdirir.

Xatırladaq ki, Maya Sandu martın 23-də Moldovanın 2025-ci ilin yazında Ukraynaya hərbi və maddi-texniki dəstək göstərmək məqsədilə yaradılmış, 30-dan çox ölkəni birləşdirən “Könüllülər Koalisiyası”na qoşulmağa hazır olduğunu bəyan etmişdi.

Bundan əvvəl Maya Sandu Ukraynada yaşayan bankir Vasili Tofanı ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürüb. Onun sözlərinə görə, bu qərar hakim “Fəaliyyət və Həmrəylik” Partiyası ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

Ukrayna KİV-lərinin məlumatına əsasən, Vasili Tofan Ukraynada biznes layihələrinə 700 milyon dollardan çox investisiya yatırmış Horizon Capital investisiya şirkətinin tərəfdaşlarından biridir.