1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Amur və Çelyabinsk vilayətlərində hərbi aerodromlara qarşı qarşısı alındığı bildirilən hücum cəhdlərinin Ukraynanın "Hörümçək toru" ("Pautina") əməliyyatının davamı olduğunu iddia edib.
Onun sözlərinə görə, Ukrayna tərəfi diversiya xarakterli hücum cəhdlərini davam etdirəcək və buna görə də təhlükəsizlik tədbirləri daha da gücləndirilməlidir.
Kolesnik bildirib ki, ölkə ərazisində bütün yükdaşımalar ciddi şəkildə yoxlanılmalı, əks-kəşfiyyat fəaliyyəti genişləndirilməli və hərbi aerodromların mühafizəsi gücləndirilməlidir.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Amur və Çelyabinsk vilayətlərində yerləşən hərbi aerodromlara FPV tipli pilotsuz uçuş aparatları ilə hücum planının qarşısının alındığını açıqlamışdı.
Rusiya tərəfinin iddiasına görə, 2025-ci ilin iyun ayında yük avtomobillərindən havaya qaldırılan Ukrayna pilotsuz uçuş aparatları Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektləri hədəfə almışdı. FTX rəhbəri Aleksandr Bortnikov həmin əməliyyatın Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirildiyini və Böyük Britaniya kəşfiyyatının dəstəyi ilə planlaşdırıldığını iddia etmişdi.
Qeyd edək ki, bu məlumatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.