1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik ölkə daxilində pilotsuz uçuş aparatları (PUA) ilə hücumların qarşısını almaq üçün əks-kəşfiyyat tədbirlərinin gücləndirilməsinin vacib olduğunu bildirib.
Deputat News.ru-ya açıqlamasında bildirib ki, təhlükəsizlik strukturları yalnız hərbi əməliyyatlarla deyil, həm də ölkə daxilində qabaqlayıcı tədbirlərlə məşğul olmalıdır.
“Əks-kəşfiyyat və terrorla mübarizə bölmələrini gücləndirmək lazımdır. Çünki Ukrayna tərəfi taktikasını dəyişib. Onlar katerlərdən, yük maşınlarından istifadə edir, həmçinin PUA hissələrini Rusiya ərazisinə keçirməyə çalışırlar”, – deyə Kolesnik bildirib.
Onun sözlərinə görə, bu cür fəaliyyətlər qaçaqmalçılıq üsullarına bənzəyir.
Xatırladaq ki, daha əvvəl Rusiya tərəfi Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya əleyhinə xüsusi əməliyyat planını təsdiqlədiyini iddia etmişdi. Həmin iddialara görə, əməliyyatın Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən 40 gün ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu məlumatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.