Вернуться назад Распечатать

Sabit və ardıcıl siyasət nümunəsi: İlham Əliyev Şuşadan dünyaya ismarışlar verdi - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında bir sıra ismarışlar verib, çağırışlar edib.

Azərbaycan 200 illik müstəmləkə rejimindən azad olmuş, milli dövlətini qurmuş, işğala məruz qalmış ərazilərini azad etmiş, suverenliyini bərpa etmiş bir dövlətdir. Hazırda işğaldan azad etdiyi torpaqlarda tikinti-bərpa işləri davam etməklə yanaşı, bölgəyə sakinlər də qayıdır.

Dövlət başçısı çıxışında Azərbaycanın var-dövlətinin keçmiş sovetlər tərəfindən talandığı, SSRİ dağılanda respublika iqtisadiyyatının ağır vəziyyətdə olduğundan bəhs edib. O, Azərbaycanın çox böyük sərvətlərinin olduğunu, əvvəllər onlardan heç birinin, sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında rol oynamadığını qeyd edərək deyib: "Çünki biz daha çox ümumittifaq büdcəsinə verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı, Sumqayıt şəhəri ekoloji fəlakətə uğramışdı. Sovet İttifaqı dağılanda isə hər şey viran qalmışdı, torpaqlarımız əldən getmişdi".

Prezident belə bir vəziyyətdə olan ölkənin ərazisinin bir hissəsinin işğal olunduğunu vurğulayıb.

O illərdə Azərbaycana xarici təzyiqlər olub. ABŞ Konqresinin "Azadlığa dəstək" qanunu çərçivəsində "907-ci düzəliş"in tətbiqi respublikaya qarşı təzyiqlərə, ona qərəzli münasibətə ən bariz nümunədir. O illərdə torpaqları işğala, bu kimi təzyiqlərə məruz qalan da Azərbaycan olub

"907-ci düzəliş"in tətbiqinə nail olan, Azərbaycan torpaqlarının işğalına göz yuman həmin qüvvələr sonradan Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə başladılar. Onda vəziyyət daha da acınacaqlı oldu.

Prezident həmin dövrlərdən bəhs edərək deyib: "Mən vaxtilə işğaldan əziyyət çəkən dövlətin rəhbəriyəm, bizim bu mənada nadir təcrübəmiz var. Bizi də məcbur edirdilər ki, Qarabağdan imtina edək". O buna özü də daxil olmaqla Azərbaycanda heç kəsin razı olmadığını vurğulayıb.

Həmin dövrdə vasitəçi missiyasını ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Fransa, Rusiya yerinə yetirib. Ancaq 30 ilə yaxın dövr ərzində bu üçlük münaqişəni həll etməkdənsə, rəsmi Bakıya torpaqları Ermənistana vermək üçün təzyiqlər ediblər.

Prezident həmin dövrdə yaşananlara işarə edərək deyib: "Onlar BMT TŞ (Təhlükəsizlik Şurasının-red.) daimi üzvləri idi, həmin mövqeyə tab gətirmək olduqca çətin məsələ idi. İkinci Qarabağ müharibəsi başlayanda onların üçü də dərhal müharibənin dayandırılmasını tələb edirdi. Onlar bizə zəng edirdilər, hədə-qorxu gəlir, təhdid edirdilər. Tələb o idi ki, heç nə dəyişilməsin, hətta bəziləri bizə təklif edirdi ki, məsələn, Füzulini azad etdiniz, dayanın. Biz müxtəlif diplomatik üsullardan istifadə edirdik".

Minsk qrupu həmsədrləri BMT TŞ-nin üzvləridir. Şura isə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi istiqamətində dörd qətnamə qəbul etmişdi. Deməli, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycana torpaqlarını Ermənistana güzəşt etməklə bağlı təzyiqlər edərək həm də özlərinin təsdiqlədikləri qətnamələrə qarşı çıxmış olurdular. Belə bir vəziyyətdə həmsədrlərin, BMT TŞ-nin daimi üzvlərinin davranışı məntiqsiz görünürdü. Güclər verdikləri vədə əməl etmir, əksinə, ərazisi işğal olunmuş dövləti təslimçilik müqaviləsini imzalamağa vadar edib.

"Onların məqsədi o idi ki, Azərbaycan öz ərazi bütövlüyün bərpa etməsin, amma onlar iflasa uğradı, çünki xalqın iradəsini sındırmaq olmaz. Öz müstəqilliyini, kimliyini qorumağa çalışan xalqın iradəsini sındırmaq olmaz", - dövlət başçısı vurğulayıb.

Prezident ərazi bütövlüyü və suverenliyin bərpa olunmasında Azərbaycan cəmiyyətinin hakimiyyətlə birliyini xüsusi olaraq qeyd edib: "23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir. Azərbaycan xalqına bir çox müraciətlərim olub, həm işğal, həm müharibə dövründə, həm müharibədən sonra. Əlbəttə, məzmunca bu müraciətlər fərqli olub, çünki fərqli situasiyada idik".

Cəmiyyətlə hakimiyyətin birliyi dəyişməyib. Azərbaycan vətəndaşları liderinə inam nümayiş etdiriblər. Elə oxşar vəziyyətdə olan dövlətlər və millətlər üçün bu birlik də örnək ola bilər. Çünki Azərbaycan mübarizəsində, savaşında haqlı olub. Həm rəsmi Bakı, həm də cəmiyyət bu mövqedən çıxış edib. Bəzən vətəndaşlarda ümidsizlik də yaranıb. Ancaq liderinə inam onu bu məyusluqdan xilas edib.

"İşğal dövründə müraciətim, keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər, iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir, insanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq, deyirdim ki, inanın, onlar da inanırdı. 17 il az müddət deyil, 17 il mənim sözlərimə inanıb gözləyirdilər, aparılan işlərə dəstək olurdular", - İlham Əliyev qeyd edib.

Dövlət başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin bərpasında, azad olunmuş torpaqlarda quruculuq, abadlıq işlərinin aparılmasında, habelə "Böyük Qayıdış"da xalq-hakimiyyət tandeminin əsas rol oynadığı vurğulanıb.


Prezident bütün çətinliklərin, yaradılan problemlərin aradan qalxmasında çıxış yolunu da göstərib:

"Bu mənada, ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır. Bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir, çünki bu, insanların zehnindən və ürəyindən gəlir".

Prezidentin sözlərinə görə, Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləri olub. Bu gün isə bu avantüralar daha ciddi və təhdidedici xarakter daşıyır. Ona görə də özümüzü müdafiə etməyə, konsolidasiya edilmiş müəyyən dairələrlə mübarizə aparmağa öyrəşmişik.

Dövlət başçısı bununla Azərbaycan cəmiyyətinə yeni bir ismarış verib. Prezident vurğulayıb ki, ölkəyə qarşı yeni təxribatlar, təhdidedici addımlar, təhrikedici oyunlar qurula bilər. Cəmiyyətin dövlətini, onun təhlükəsizliyini, ərazi bütövlüyü və suverenliyini bu tip mənfi təsirlərdən qorumaq üçün həmrəy olması vacibdir.

Bu həm də dövləti qorumaq, onun maraqlarını müdafiə etmək üçün hər an mübarizə aparmağı vurğulayır. Odur ki, ayıq-sayıqlığın itirilməsi öz dövlətinə biganəliklə nəticələnər.

Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycana qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyası aparılır. Elə son günlərə Avropa Şurasında, Avropa Parlamentində edilən qərəzli anti-Azərbaycan çıxışları örnək göstərmək olar. Ərazi bütövlüyünü pozanların, hərbi cinayətlər törədənlərin müdafiəsinə qalxanların əsas hədəfi əldə edilən uğurları gözdən salmaq, Cənubi Qafqazda rəsmi Bakının liderliyi ilə reallaşan sülh prosesinə mane olmaq cəhdləridir. Belə qüvvələr Azərbaycanın sülhsevərliyinə, onun bu yöndə təşəbbüslərinə qarşı çıxmağa səy göstərirlər. Bu kimi humanitar addımlara ziyan vurmağa çalışırlar. Çünki bir ilə yaxındır, Azərbaycandan Ermənistana neft məhsulları da daxil olmaqla müxtəlif mallar tədarük olunur.

Habelə, rəsmi Bakının da təşəbbüskarı olduğu Zəngəzur dəhilizinin (TRIPP) yolunun açılması istiqamətində işlər görülür. Regional və qlobal əhəmiyyətli bu layihəni gözdən salmaq istəyən qüvvələr suverenlik, ərazi bütövlüyü kimi məsələləri bəhanə edərək pozuculuq fəaliyyəti ilə məşğul olurlar.

Dövlət başçısının bəhs etdiyimiz mövzu ilə bağlı çıxışında aşağıdakı istiqamətləri müəyyənləşdirmək olar:

-hədəfin müəyyənləşdirilməsi;

-cəmiyyətlə, xalqla hakimiyyətin bəlli hədəf uğrunda birgə mübarizəsi;

-beynəlxalq təzyiqlərə birlikdə müqavimətin foprmalşamsı;

-dövlət başçısına, liderə inam;

-SSRİ-nin Azərbaycanı istismar etməsi;

-Azərbaycan ekologiyasına Sumqayıtın timsalında vurulan ziyan;

-Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyini qorunması uğurunda ardıcıl mübarizə;

-düşmən təxribatlarının, təhrikedici hərəkətlərin qarşısının alınmasında cəmiyyətin konsolidasiyası;

-müharibədən sonrakı yeni hədəflər;

-Azərbaycanın postsovet məkanında örnək vəziyyətinə diqqət çəkilməsi və s.

Dövlət başçısı Şuşadakı qlobal forumdakı çıxışında regional və qlobal məsələlərə, habelə Azərbaycanla türk dövlətləri arasında münasibətlərə, ölkənin beynəlxalq enerji təhlükəsizliyində, təminatında oynadığı rola və s. diqqət çəkərək rəsmi Bakının mövqeyini iştirakçılara çatdırıb, beynəlxalq ictimaiyyətə ismarışlar da verib.