Cənubi Qafqazda son illərdə baş verən geosiyasi proseslər regionun təhlükəsizlik arxitekturasını və dövlətlərarası münasibətləri əhəmiyyətli dərəcədə dəyişib. Prezident İlham Əliyevin "Cənubi Qafqaz son illərdə köklü şəkildə dəyişib, dəyişikliklərin dönüş nöqtəsi İkinci Qarabağ müharibəsi oldu" fikri də bölgədə yaranmış yeni reallıqların mahiyyətini bir daha gündəmə gətirib. Müharibədən sonra formalaşan yeni siyasi vəziyyət regionun gələcək inkişafı, sülh prosesi və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə 1xeber.media-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç deyib ki, İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda köklü geosiyasi dəyişikliklər yaratdı və bölgədə yeni reallıqlar formalaşdırdı:
“Bu dəyişikliklərin əsas dönüş nöqtəsi məhz 44 günlük Vətən müharibəsi oldu. Müharibə nəticəsində 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları azad edildi. Bununla da bir milyondan artıq məcburi köçkün üçün doğma yurdlarına qayıtmaq imkanı yarandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər beynəlxalq hüququn bərpasını təmin etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin uzun illər icra olunmayan dörd qətnamənin tələblərini özü yerinə yetirdi. Beləliklə, beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun illərlə həyata keçirə bilmədiyi proses Azərbaycan tərəfindən 44 gün ərzində başa çatdırıldı. Bu müharibə həm də ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq sona çatması ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi və işğala son qoydu. Qələbə Azərbaycan xalqında böyük qürur və inam yaratdı. Cəmiyyət bir daha gördü ki, güclü dövlət, güclü ordu və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ölkənin təhlükəsizliyinin əsas təminatıdır”.
O qeyd edib ki, müharibədən sonra bölgədə sülh prosesinə start verildi:
"8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı. Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yaradan müddəaların çıxarılmasıdır. Bu məsələ həll olunduqdan sonra iki ölkə arasında münasibətlərin tam normallaşması üçün daha əlverişli şərait yaranacaq. Sazişin paraflanmasından sonra Azərbaycan və Ermənistan arasında müəyyən əməkdaşlıq addımları atılmağa başladı. Tranzit daşımaları, ticarət əlaqələri və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində müsbət dinamika müşahidə olunur. Ticarət və iqtisadi əməkdaşlıq isə bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir”.
Sabiq səfir bildirib ki, 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra sərhədlərini bağlayan Türkiyə də Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başlayıb:
“Aviareyslərin bərpası, avtomobil və dəmir yolu əlaqələrinin inkişafı, sərhəd keçidlərinin açılması ilə bağlı müzakirələr regionda yeni əməkdaşlıq mühitinin formalaşdığını göstərir. Ermənistan rəhbərliyi də artıq yeni reallıqları qəbul etdiyini nümayiş etdirir. Baş nazir Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan 29 min kvadratkilometr ərazi çərçivəsində mövcudluğunu qəbul edir və qonşuları ilə normal münasibətlər qurmaq niyyətindədir. Onun yanaşması keçmiş münaqişələrdən daha çox ölkəsinin gələcəyinə yönəlib. Bu gün həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də Türkiyə-Ermənistan əlaqələrində normallaşma istiqamətində konkret addımlar müşahidə olunur.
İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda qüvvələr balansını köklü şəkildə dəyişdirdi. Azərbaycan güclü liderə, güclü orduya və dövlətini dəstəkləyən xalqa sahib olduğunu nümayiş etdirdi. Ermənistan isə yeni geosiyasi reallıqları qəbul edərək Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə başladı. Bütün bunlar region xalqlarının gələcəyə daha böyük ümidlə baxmasına imkan yaradır”.
Aysel
1xeber.media