Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir.
1xeber.media report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir:
"Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, etik standartların təşviqi, media savadlılığının artırılması və medianın sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək məqsədi daşıyır. Media islahatı dayanıqlı institutların qurulması, müstəqil jurnalistikanın dəstəklənməsi, dezinformasiyaya qarşı müqavimətin artırılması və ictimai etimadın gücləndirilməsi haqqındadır".
Hikmət Hacıyev deyib ki, Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir:
" Bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş geniş dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər. Biz bu faktları yoxlayır və faktlara əsaslanan cavablar təqdim edirik. İndi isə həqiqəti sübut etmək daha çətindir, çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu oynamalı olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər. Hökumətlər, media təşkilatları, texnologiya şirkətləri, akademiya və vətəndaş cəmiyyəti dəqiq, şəffaf və hesabatlı informasiya mühitinin yaradılması üçün ortaq məsuliyyət daşıyırlar".
Prezidentin köməkçisi əlavə edib ki, dialoq, peşəkar jurnalistika və qarşılıqlı hörmət vasitəsilə etimad da bərpa oluna bilər.