Вернуться назад Распечатать

Media eksperti: Şuşa Forumu sülhyaratma jurnalistikası üçün yeni yanaşmalar formalaşdırır

İnformasiya məkanında həqiqətin qorunması, dezinformasiyaya qarşı mübarizə və etibarlı jurnalistikanın gücləndirilməsi qlobal gündəliyin əsas mövzularından birinə çevrilib. Bu çağırışlar fonunda Azərbaycanın mədəni paytaxtı Şuşada keçirilən IV Qlobal Media Forumu media nümayəndələrini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirərək beynəlxalq informasiya əməkdaşlığı, peşəkar media prinsipləri və sülhün təşviqində jurnalistikanın rolunun müzakirə olunduğu mühüm platforma kimi çıxış edir.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli 1xeber.media-ya açıqlamasında deyib ki, sosial şəbəkələrin və süni intellekt texnologiyalarının dezinformasiyanın istehsalını və yayılmasını sürətləndirdiyi müasir dövrdə medianın missiyası əvvəlki dövrlərlə müqayisədə daha geniş məna kəsb edir:

“Bu gün media təkcə informasiya ötürən vasitə deyil, həm də ictimai etimadı formalaşdıran, böhranları idarə edən, cəmiyyətləri dialoqa hazırlayan strateji institutlardan biridir. Məhz buna görə də Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə peşəkar jurnalistlərin görüşü deyil, qlobal informasiya təhlükəsizliyi gündəliyinin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi qiymətləndirilməlidir. "Sülh quruculuğu və media" mövzusunda hazırlanmış beynəlxalq hesabatlarda qeyd olunur ki, müharibənin başa çatması və ya sülh sazişinin imzalanması davamlı sülhün təmin edilməsi üçün yetərli deyil. Əsas məsələ münaqişə yaşamış cəmiyyətlərin sülhə hazırlanmasıdır. Bu prosesdə medianın rolu əvəzsiz hesab edilir. Çünki media ictimai rəyi formalaşdırır, stereotipləri dəyişdirir, nifrət ritorikasını zəiflədir, qarşı tərəfi demonizasiya edən yanaşmaları neytrallaşdırır və dialoq mədəniyyətinin formalaşmasına xidmət edir. Bu yanaşma "Deutsche Welle" Akademiyası və Almaniya Jurnalistlər Birliyinin hazırladığı "Media və Münaqişə" araşdırmaları hesabatında daha ətraflı şəkildə öz əksini tapıb. Həmin sənədlərdə göstərilir ki, peşəkar media cəmiyyətlər arasında qarşılıqlı etimadın bərpası üçün mühüm vasitədir. Lakin bunun baş verməsi üçün jurnalistlər sülhyaratma jurnalistikasının prinsiplərini mənimsəməli, faktları emosional manipulyasiyadan ayırmağı bacarmalı, informasiya müharibələrinin alətinə çevrilməməlidirlər”.

Onun sözlərinə görə, hazırda bu məsələnin aktuallığı daha da artıb:

“Çünki, dünyanın 4 bir tərəfində qızğın müharibələr, münaqişələr davam edir. Bizim yerləşdiyimiz regionda vəziyyət daha gərgindir: həm şimalımızda, həm cənubumuzda dünyanın ən qızğın müharibələr gedir. Digər tərəfdən, artıq informasiya manipulyasiyası təkcə ənənəvi təbliğat vasitələri ilə deyil, sosial şəbəkələr, bot şəbəkələri, "deepfake" texnologiyaları və generativ süni intellekt platformaları vasitəsilə həyata keçirilir. Yalan məlumatlar saniyələr ərzində milyonlarla insana çatır, həqiqətin özü isə çox vaxt sonradan izah edilməli olur. Belə şəraitdə medianın əsas vəzifəsi yalnız xəbəri birinci vermək deyil, ilk növbədə onu yoxlamaq, təsdiqləmək və cəmiyyətə etibarlı informasiya təqdim etməkdir. Bu, artıq təkcə peşə etikası məsələsi deyil, milli və beynəlxalq təhlükəsizlik məsələsidir. Azərbaycanın özü  üçün də bu mövzu xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz uzun illər ərzində həm hərbi, həm də informasiya müharibəsinin təsirlərinə məruz qalıb. Bu gün regionda sülh gündəliyi müzakirə olunduğu halda, həmin prosesin informasiya müstəvisində də dəstəklənməsi vacibdir. Sülh yalnız siyasi sənədlərlə deyil, həm də cəmiyyətlərin düşüncə tərzinin dəyişməsi ilə mümkündür. Bu baxımdan medianın məsuliyyəti siyasi bəyanatların təkrarlanmasından daha genişdir. Media cəmiyyətləri qarşılıqlı anlaşmaya hazırlamalı, nifrət ritorikasını deyil, hüquqa, faktlara və beynəlxalq prinsiplərə əsaslanan yanaşmanı təşviq etməlidir”.

O qeyd edib ki, məhz bu baxımdan Şuşa Qlobal Media Forumunun əhəmiyyəti olduqca böyükdür:

“Forum müxtəlif ölkələrdən media rəhbərlərini, ekspertləri və jurnalistləri bir araya gətirməklə informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə jurnalistikanın gələcəyi və medianın sülhyaratmadakı rolu barədə vahid peşəkar yanaşmaların formalaşmasına imkan yaradır. Bu cür platformalarda aparılan müzakirələr gələcəkdə ortaq etik standartların hazırlanmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və dezinformasiyaya qarşı kollektiv müqavimət mexanizmlərinin gücləndirilməsinə xidmət edə bilər. IV Şuşa Qlobal Media Forumunun ən mühüm nəticəsi qəbul ediləcək hər hansı sənəddən daha çox, beynəlxalq media ictimaiyyətində yeni düşüncə modelinin formalaşdırılması olacaq. Bu model medianı təkcə informasiya istehsalçısı kimi deyil, həm də qlobal təhlükəsizliyin, ictimai etimadın və dayanıqlı sülhün təmin edilməsində məsuliyyət daşıyan strateji tərəfdaş kimi qiymətləndirir. XXI əsrdə həqiqətin qorunması yalnız jurnalistikanın peşə borcu deyil, həm də beynəlxalq sabitliyin əsas şərtlərindən biridir”.

Aysel