Вернуться назад Распечатать

Norveç ordusunda Ukraynaya yardımlar fonunda taktiki əlcək çatışmazlığı yaranıb

1xeber.media xəbər verir ki, Norveç Silahlı Qüvvələrində təchizat müqaviləsinin başa çatması və Ukraynaya göstərilən hərbi yardım səbəbindən taktiki əlcəklərin çatışmazlığı yaranıb. 

Məlumata görə, Pasxa bayramından əvvəl ölkə üzrə hərbi anbarlarda taktiki əlcəklər tamamilə tükənib. Bunun əvəzində Norveç ordusu digər təchizatçılardan adi iş əlcəkləri alıb. Lakin nəşr qeyd edir ki, bu əlcəklər hərbi şəraitdə istifadə üçün kifayət qədər davamlı deyil.

Bildirilir ki, çağırışçılar üçün nəzərdə tutulan hərbi məktəblərdən birində verilən əlcəklər xidmət müddəti başa çatmamış yararsız hala düşüb. Həmçinin hərbi düşərgələrdən biri hətta adi iş əlcəkləri ilə belə təmin olunmayıb.

Norveç Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat İdarəsinin (FLO) nümayəndəsi Marius Dreyer bildirib ki, problemin əsas səbəbi əvvəlki təchizat müqaviləsinin müddətinin başa çatmasıdır və yaxın vaxtlarda yeni müqavilənin imzalanması gözlənilir.

Nəşr ikinci səbəb kimi Norveçin Ukraynaya hərbi yardımını göstərir. Bildirilir ki, mövcud ehtiyatın bir hissəsi Kiyevə yardım məqsədilə göndərilib. Bundan əlavə, əlcəklərin normadan artıq istifadə olunması və əməliyyat büdcəsinin bütün xərcləri qarşılamaması da çatışmazlığa təsir edən amillər sırasında qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynaya Avropanın SAMP/T zenit-raket kompleksləri üçün raketlərin yaxın həftələrdə göndəriləcəyini açıqlamışdı.