1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni yeni təsis edilən "Avropa" ordeni ilə təltif edib.
Müvafiq fərman Ukrayna Prezidentinin Ofisinin rəsmi saytında dərc olunub.
Fərmanda bildirilir ki, Ursula fon der Lyayen Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlük istiqamətində strateji kursuna göstərdiyi dəstəyə görə mükafatlandırılıb.
Sənəddə qeyd olunur ki, təltif "Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlüyünə yönəlmiş strateji kursunun dəstəklənməsində xüsusi şəxsi xidmətlərinə görə" təqdim edilib.
"Avropa" ordeni 15 iyul tarixində təsis edilib və Ursula fon der Lyayen bu mükafata layiq görülən ilk şəxs olub.
Bundan əvvəl Avropa Komissiyasının sədrinin növbəti səfərlə Kiyevə gəldiyi məlum olmuşdu. O, Avropa İttifaqı ilə Ukrayna arasında müdafiə sənayesi sahəsində inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş yeni təşəbbüslərin hazırlandığını açıqlamışdı.