Вернуться назад Распечатать

Polşada sərhəd müdafiəsinin mühüm elementi barədə məlumat verilib

1xeber.media xəbər verir ki, Polşa Kalininqrad vilayəti və Belarusla sərhəd boyunca dörd ordu briqadası yerləşdirməyi planlaşdırır.

Bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib. 

"Bu, çox mühüm elementdir. Dörd briqada. Xüsusilə də birbaşa təhlükənin olduğu ərazilərdə", – deyə nazir bildirib.

Yeni bölmələr Belarus və Rusiya ilə sərhədlərdə təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş "Şərq qalxanı" proqramının əsas sütunlarından biri olacaq.

Briqadaların dövlət sərhədinin mühafizəsi, kəşfiyyat tədbirlərinin aparılması, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi və mümkün təhdidlərə operativ reaksiya verilməsi funksiyalarını yerinə yetirəcəyi bildirilir.

Bundan əvvəl Polşada zərurət yaranacağı təqdirdə 48 saat ərzində Rusiya və Belarusla sərhəddə piyada əleyhinə minalar yerləşdirməyə hazır olduqları açıqlanmışdı.