Вернуться назад Распечатать

Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış

 

Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoluna çevrilən Şuşa
şəhəri iyulun 13-də mühüm beynəlxalq toplantıya ev sahibliyi edib. Həmin günü Şuşada
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”
mövzusunda ənənəvi IV Şuşa Qlobal Media Forumu öz işinə başlayıb.
Forumun məhz Şuşada keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca
dəyərlidir. Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda, beynəlxalq
intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də
mərkəzinə çevrilir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni
inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir.
Dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertlərin və rəsmi
şəxslərin iştirak etdiyi Forum sülhün təşviqində medianın rolu mövzusuna həsr olunub.
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum iştirakçıları
qarşısında genişməzmunlu çıxış edib. Öz çıxışında ölkə başçısı Forum iştirakçılarını
maraqlandıran mövzulara toxunub, bir çox məsələlərə aydınlıq gətirib, mühüm əhəmiyyət
daşıyan mesajlar verib.
Qeyd edilməlidir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq
münasibətlər sistemində çəkisi əhəmiyyətli dərəcədə artıb. Bu qələbə təkcə ərazi
bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də beynəlxalq hüququn tətbiqinə dair praktik
presedent yaratdı. Azərbaycanın siyasi iradəsi artıq təkcə regionda deyil, qlobal miqyasda da
qəbul olunan fakta çevrildi.
Prezident İlham Əliyevin Forumdakı çıxışı ölkəmizin xarici siyasət istiqamətlərini aydın
şəkildə nümayiş etdirdi. Dövlət başçısı daxili sabitlik, çevik təhlükəsizlik yanaşması və strateji
planlama əsasında formalaşan bir inkişaf modelindən bəhs etdi.
Prezident İlham Əliyev Forumunun açılışındakı çıxışında  ölkəmizin beynəlxalq
əlaqələrinin genişlənməsinə xüsusi yer ayıraraq qeyd edib ki, “Öz coğrafi üstünlüklərimizdən
istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq”.
Hazırda Azərbaycanda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində
işlər aparılır.  Belə ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə
ölkəmizin əlaqələri yaxşıdır və onların genişləndirilməsi ilə bağlı işlər davam edir.
Qeyd edilib ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa, narahatlıq
doğuran məsələlərinin həllinə yönəlib. O cümlədən, qardaş Türkiyə ilə  əlaqələrimiz bu gün
çox yüksək səviyyədədir. Ölkələrimizin əhalisi də dünyanın digər ölkələri ilə müqayisədə bir-
birinə daha yaxın olan iki ölkədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar,
insanlar arasında olan münasibətlərə nəzər salsaq, “biz dünyada başqa iki elə dövlət tanımırıq
ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq
etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük” – deyə dövlətimizin
başçısı əlavə edib.
Prezident İlham Əliyev Media Forumundakı çıxışında Azərbaycanla ABŞ arasında
mövcud əlaqələrə də toxunub. Bildirilib ki, 1992-ci ildə baş verən 907-ci düzəliş ABŞ
Konqresinin Azərbaycana qarşı ədalətsiz bir addımı idi. “Azadlığa Dəstək Aktı ABŞ Konqresi
qəbul olunanda Sovet İttifaqının süqutundan sonra yeni müstəqil ölkələrə maliyyə yardımının
göstərilməsi ilə bağlıdır. 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. Yeri
gəlmişkən, Prezident Bayden onlardan biridir, o, həmin vaxt senator idi. Bu səbəbdən biz
Bayden administrasiyası vaxtında bu qədər çətinliklərlə üzləşdik”, – deyə dövlətimizin başçısı
qeyd edib.
Prezident İlham Əliyev 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunaraq deyib:
“Azərbaycan və Ermənistan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar.
Sonra isə Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan
qaldırdı”. Prezident bildirib ki, Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana 40
min tondan artıq müxtəlif yük daşınıb. Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz
edilməsinə başlayıb, 10 min tondan artıq məhsul artıq daşınıb. Xüsusən də indiki dövrdə bir
çox ölkələr yanacaq mənbəyinə çıxışdan əziyyət çəkir və Ermənistan isə Azərbaycan kimi
etibarlı mənbəyə əsaslanır. Əgər bu olmasaydı, onlar qazı və dizeli dünyanın digər yerlərindən

axtarmalı olmalı idilər. Bütün bunlar onu göstərir ki, 907-ci düzəliş tam köhnəlib və tamamilə
aradan qaldırılmalı, ləğv edilməlidir.
Bu gün ABŞ ilə Azərbaycan arasındakı münasibətlər çox əla olmaqla yanaşı, strateji
tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Prezident Trampla görüşlərinə toxunan dövlətimizin başçısı
deyib: “Prezident Trampla tarixi görüşümüz ötən ilin avqustunda Vaşinqtonda baş tutdu. Daha
sonra isə bu ilin yanvarında biz Davosda yenidən görüşdük. Onlar Prezident Trampın
qurucusu olduğu Sülh Şurasının təsisedici bir üzvü kimi də Azərbaycanı dəvət edib. Daha
sonra isə Vitse-prezident Vens Azərbaycana səfər etdi, biz strateji tərəfdaşlığın qurulması ilə
bağlı bəyannaməyə imza atdıq. Bir çox digər meyarlar nümayiş etdirir ki, münasibətlərimiz
hazırda pik səviyyəsindədir. Biz heç vaxt belə münasibətlərə nail olmamışdıq”.
Prezident İlham Əliyev  qeyd edib ki, Prezident Trampın gördüyü işlərlə ondan əvvəlki
administrasiyaların fəaliyyəti arasında böyük fərq var. “Təəssüf ki, 30 il davam edən işğal
dövründə ABŞ administrasiyasının ovaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas
məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. Azərbaycanın əraziləri azad
edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi ki, bunu
onların özləri də qəbul etmişdilər. Məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana,
müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi” – deyə
dövlətimizin başçısı vurğulayıb.
Beləliklə, IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan bir çox
beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır. Ərazi
bütövlüyümüzü Ali Baş Komandan kimi təmin edən İlham Əliyev Prezident kimi də ölkəmizi
qlobal arenada lider mövqeyinə yüksəldib.
İV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional
deyil, qlobal məsələlərin müzakirəsində və həllində fəal iştirakçıdır.
Gülgəz Məlikova,
Sabirabad Tarix-diyarşünaslıq muzeyinin kiçik elmi işçisi