Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş iki ölkə arasında siyasi dialoqun və əməkdaşlıq münasibətlərinin inkişafı baxımından diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir. Görüş zamanı ikitərəfli əlaqələrin perspektivləri, regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər həm də Azərbaycanın beynəlxalq tərəfdaşları ilə münasibətlərinin möhkəmləndirilməsi və Şuşanın diplomatik platforma kimi rolunun artması baxımından maraq doğurur.
Bu barədə politoloq Zeynal Əmrəliyev 1xeber.media-ya açıqlama verib.
O qeyd edib ki, Azərbaycan və Slovakiya arasındakı ikitərəfli əlaqələr olduqca mühüm əhəmiyyət kəsb edir:
“Ümumilikdə, son dövrlərdə Azərbaycanın Avropa ölkələri ilə münasibətlərində tamamilə yeni bir mərhələ başlayıb və Azərbaycan–Avropa əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyur. Nəzərə almaq lazımdır ki, hazırda Avropa enerji təchizatı ilə bağlı ciddi problemlərlə üz-üzədir. Rusiya–Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyi sahəsində böyük çətinliklər yaradıb. Belə bir şəraitdə Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda Azərbaycan Avropa ölkələri üçün cəlbedici investisiya məkanı kimi çıxış edir. Azərbaycan iqtisadiyyatına investisiyaların qoyulması təkcə neft sektorunu deyil, həm də qeyri-neft sahələrini əhatə edə bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi son illərdə əhəmiyyətli dərəcədə artıb. Azərbaycan da maraqlıdır ki, digər ölkələr həm bu bölgələrə, həm də ölkə iqtisadiyyatının digər sahələrinə investisiya yatırsınlar”.
O bildirib ki, Slovakiya prezidentinin Şuşada qəbul edilməsi də təsadüfi deyildi:
“Bu, Azərbaycanın investisiya imkanlarının nümayiş etdirilməsi və həmin potensialın müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Qarabağ hazırda öz potensialına görə regionun fərqlənən ərazilərindən birinə çevrilib. Burada geniş imkanlar açılıb və müxtəlif istiqamətlər üzrə perspektivli layihələr həyata keçirmək mümkündür. Bu baxımdan xarici qonaqların məhz burada qəbul edilməsi tam başadüşüləndir. Bununla yanaşı, Azərbaycan və Slovakiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün də geniş perspektivlər mövcuddur. Ümumilikdə, iki ölkə arasında siyasi-diplomatik münasibətlər yüksək səviyyədə inkişaf edib və bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensial var. Prezidentlərin görüşü zamanı da, şübhəsiz ki, bütün bu məsələlər ətrafında geniş və ciddi fikir mübadiləsi aparılıb”.
Aysel
1xeber.media