Вернуться назад Распечатать

Laçındakı ayı görüntülərindən sonra ekspertlərdən ciddi xəbərdarlıq

Laçın rayonunun Nağdalı kəndində üç balası ilə birlikdə müşahidə olunan ayının görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan videoda bəzi sakinlərin, yanlarında azyaşlı uşaqlar olmasına baxmayaraq, vəhşi heyvana yaxın məsafədən yüksək səslər çıxararaq onu ərazidən uzaqlaşdırmağa çalışdıqları əks olunub.

Bu  barədə təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev xeber.media-ya açıqlama  verib.

O deyib ki, qeyd olunan ərazidə müşahidə edilən davranış son dərəcə təhlükəli və yolverilməzdir:
“Balaları yanında olan ayı insanı təhlükə və təhdid kimi qəbul edir və onları qorumaq məqsədilə qəfil hücum edə bilər. Ayını qışqıraraq, qeyri-adi səslər çıxararaq videoya çəkməyə çalışmaq, xüsusilə də uşaqları hadisə yerində saxlamaq çox ciddi məsuliyyətsizlikdir. Belə vəziyyətdə insanlar ilk növbədə uşaqları dərhal yanlarına almalı və ərazidən uzaqlaşmalıdırlar. Bunu qaçmadan, sakit və yavaş şəkildə etməlidirlər. Ana ayı ilə balalarının arasına keçmək olmaz. Həmçinin heyvana yaxınlaşmaq, ona daş atmaq, qışqırmaq və ya görüntü çəkmək məqsədilə onu izləmək qətiyyən düzgün deyil. Ayının təhlükəsiz şəkildə uzaqlaşması üçün ona açıq yol verilməlidir ki, balaları ilə birlikdə təhlükəsiz əraziyə çəkilə bilsin”.

O bildirib ki, ümumiyyətlə, ayı ilə qarşılaşdıqda qaçmaq və ya ağaca çıxmaq da düzgün davranış hesab edilmir:
“Kiçik uşaqlar qucağa götürülməli, insanlar isə birlikdə qalaraq təhlükəsiz məsafəyə çəkilməlidirlər. Bu hadisəyə heyvan hüquqları baxımından yanaşdıqda da görüntülərdə əks olunan davranış qəbuledilməzdir. Vəhşi heyvanı məqsədli şəkildə qorxutmaq onun təbii davranışını pozur, balaların anadan ayrılması riskini artırır, eyni zamanda insan–heyvan qarşıdurmasının yaranmasına səbəb ola bilər. Belə hallarda ərazi dərhal boşaldılmalı və müvafiq dövlət qurumlarına məlumat verilməlidir”.

Aysel